"Alen Simonyanın açıqlamasına görə, Naxçıvanın Kərki kəndi məsələsi diqqətlə nəzərdən keçirilib və bu, əslində Azərbaycanın xeyrinə olan bir inkişaf kimi qiymətləndirilə bilər. Ermənistan tərəfi artıq etiraf edir ki, müəyyən əraziləri hələ də nəzəri baxımdan özündə saxlayır. Bununla yanaşı, bəzi Qərbi Azərbaycan bölgələrinin də bu kontekstə aid olacağı ehtimal olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə mediasında geniş rezonans doğuran yeni etirafını açıqlayıb. “ArmComedy” podkastına verdiyi müsahibədə o, Ermənistanın müxtəlif sahələrdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisini nəzarətdə saxladığını bildirib. Bu açıqlama, xüsusilə Azərbaycanın hələ də işğal altında olan anklav kəndləri kontekstində geniş müzakirələrə yol açıb.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanın bu açıqlaması müsbət siqnal kimi qiymətləndirilməlidir.