EN

DÇ-2026: Millimiz Fransaya Bakıda da uduzdu - ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində sonuncu matçına çıxıb.

Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 6-cı tur çərçivəsində Fransa yığması ilə üz-üzə gəlib.

Tərəflər Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşıblar. Görüşü Latviya və Niderlanddan olan hakimlər briqadası idarə edib. Baş hakim Andris Treymanis olub.

Fransa yığması Azərbaycan millisi üçün tanış rəqib idi. Sözügedən komanda ilə daha öncə 3 oyun keçirmişik. Bunların ilk ikisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində olmuşdu. 2004-cü ilin dekabr ayında Bakıda keçirilmiş ilk görüşdə fransızlar 2:0 hesabıyla qalib gəlmişdilər. 1995-ci ilin sentyabr ayına təsadüf etmiş digər görüş isə Azərbaycan futbolunun tarixinə qara hərflərlə düşmüşdü. Belə ki, millimiz Oserdə keçirilmiş həmin oyunda 0:10 hesabıyla uduzmuşdu. Sonuncu dəfə isə fransızlarla bu il Parisdə qarşılaşmışdıq və cari seçmə mərhələyə təsadüf etmiş oyunda darmadağına üzülmüşdük – 0:3.

Fransızlar bu seçmə mərhələdə uğurlu çıxış edərək millimizlə oyundan öncə DÇ-2026-ya vəsiqəni təmin etmişdilər. Keçirdiyi 5 oyundan 4-də qələbə qazanıb, cəmi 1 heç-heçə etmiş “xoruzlar” 13 xalla vahid lider idilər. Sözügedən komanda Bakıda hətta uduzsa belə, seçmə mərhələni ilk pillədə başa vuracaqdı. Çünki İslandiya və Ukrayna yığmalarının hesabında 7 xal olduğu üçün bu komandalardan birinin qalib gəlməsi belə heç nəyi dəyişməyəcəkdi. Cəmi 1 heç-heçə edib, 4 oyunda uduzmuş yığmamız isə 1 xalla qrup sonuncusu idi və seçmə mərhələni elə bu pillədə bitirəcəyi dəqiqləşmişdi.

Fransa yığması ilə ev oyununa millimiz daha yaxşı başlayıb. Oyunda da hesabı komandamız açıb. Renat Dadaşov 4-cü dəqiqədə fransızları şoka salıb. Amma təəssüf ki, yığmamız bu qolun davamını gətirə bilməyib. Fransızlar elə ilk hissədə 3 qol vurmaqla oyunda dönüş yaradıblar. İkinci hissədə başqa qol qeydə alınmayıb və Azərbaycan millisi yekunda 1:3 hesablı məğlubiyyətə üzülüb.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu

16 noyabr

Azərbaycan – Fransa 1:3
Qollar: Renat Dadaşov, 4 – Jan-Filipp Mateta, 17. Maqnes Akliuş, 30. Xefren Türam, 45+1.
Baş hakim: Andris Treymanis (Latviya).
Baş hakimin köməkçiləri: Harald Qudermanis, Aleksey Spasennikov (Latviya).
Dördüncü hakim: Vitalis Spasyonnikov (Latviya).
VAR: Kley Ruperti (Niderland).
AVAR: Kristap Ratnyek (Latviya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev (12. Aydın Bayramov, 46), 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k) (6. Səbuhi Abdullazadə, 66), 9. Renat Dadaşov (13. Abbas Hüseynov, 75), 11. Xəyal Əliyev (19. Mustafa Əhmədzadə, 87), 14. Elvin Bədəlov, 16. Ceyhun Nuriyev (10. Nəriman Axundzadə, 46), 20. Abdulla Xaybullayev, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 3. Rüfət Abbasov, 7. Anatoli Nuriyev, 15. Bədavi Hüseynov, 17. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Fransa: 23. Luka Şevalye, 2. Malo Qusto, 6. Xefren Türam, 7. Kristofer Nkunku (14. Rayan Şerki, 62), 9. Huqo Ekitike, 12. Maqnes Akliuş (8. Floryan Toven, 62), 15. İbrahima Konate (k), 18. Uorren Zair-Emeri, 19. Jan-Filipp Mateta (20. Bradli Barkola, 79), 21. Lukas Hernandes, 22. Teo Hernandes.
Ehtiyat oyunçular: 1. Bris Samba, 16. Mayk Menyan, 3. Luka Din, 4. Dayo Upamekano, 5. Jül Kunde, 11. Maykl Olise, 13. Nqolo Kante, 17. Vilyam Saliba.
Baş məşqçi: Didye Deşam.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
50
35
arena.az

10Sources