EN

“Azərbaycan Avrasiyanın yeni geosiyasi konturlarını müəyyən edən əsas dövlətlərdən biridir” - ŞƏRH OLUNDU

“Prezident İlham Əliyevin Özbəkistana səfəri və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi həm regionlararası əməkdaşlıq xəritəsini dəyişdirən, həm də Avrasiya geosiyasətində yeni güc balansı yarada biləcək mühüm hadisədir. Bu qərarın əhəmiyyətinin Mərkəzi Asiya liderləri tərəfindən xüsusi olaraq vurğulanması təkcə simvolik dəstək deyil, region dövlətlərinin Azərbaycana olan yüksək etimadının, ölkəmizin regionda və dünyada artan rolunun strateji reallıq kimi qəbul edilməsinin ifadəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Daşkənddəki sammit Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sabitlik və inkişaf modelinin artıq Mərkəzi Asiya üçün də etibarlı tərəfdaşlıq nümunəsi kimi qiymətləndirildiyini təsdiqləyir:

”Mərkəzi Asiya ilə Cənubi Qafqazı strateji körpü olaraq birləşdirən bu addım həm regional həmrəyliyin güclənməsini, həm də Avrasiya məkanında daha geniş iqtisadi, nəqliyyat və siyasi koordinasiyanın yaranmasını təmin edir.
Mərkəzi Asiya liderlərin çıxışları da Azərbaycanın bu formata daxil olmasının praktik və uzunmüddətli strateji gələcəyi olan qərar olduğunu göstərir.
Prezident İlham Əliyevin sammitdəki çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrə yanaşmasının siyasi-diplomatik cizgilərini tam şəkildə təqdim edir. Azərbaycanın üçüncü dəfə sözügedən sammitdə iştirak etməsi və son üç ildə ikitərəfli səfərlərin intensivliyi bu münasibətlərin strateji əsaslara söykəndiyini göstərir.
Son üç ildə Mərkəzi Asiya ölkələrinə 14 səfər, həmin ölkələrdən Azərbaycana 23 səfər regionlararası dialoqun institusionallaşmış səviyyəyə çatdığını nümayiş etdirir.
Azərbaycanın bu formata qoşulması Avrasiya məkanında yeni kommunikasiya və enerji şəbəkəsinin formalaşdırılması prosesini daha da sürətləndirir. Orta Dəhlizin sürətli inkişafı və üç ildə yükdaşımaların Azərbaycandan keçməklə 90 faiz artması ölkəmizin artıq regionun nəqliyyat və logistik qovşağına çevrildiyini sübut edir. Ələt limanının imkanlarının genişlənməsi, Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi, doqquz beynəlxalq hava limanının fəaliyyəti və yük aviasiyasının geniş potensialı Azərbaycanın bu coğrafiyada həlledici mövqeyini daha da gücləndirir. Zəngəzur dəhlizinin tamamlanmaq üzrə olması isə regionlararası yükdaşımaların vahid strateji xətt üzrə cəmləşməsini təmin edəcək.
Sammit həmçinin rəqəmsal əməkdaşlıq, “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə enerji və fiber-optik kabel şəbəkələrinin çəkilməsi kimi yüksək texnoloji sahələrdə geniş perspektivlər açır. Bu layihələr yalnız regional əməkdaşlıq deyil, həm də Avropaya inteqrasiya olunmuş yeni enerji və informasiya arteriyalarının yaradılması deməkdir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bu qərar həm qardaşlıq münasibətlərinin mühüm təsdiqi, həm də geniş coğrafiyada əməkdaşlıq və qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlanğıcıdır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu qoşulması Avrasiya siyasətində yeni güc mərkəzinin formalaşması, regionlararası sinerjinin güclənməsi və iki bölgənin strateji koordinasiyasının dərinləşməsi baxımından tarixi dönüş nöqtəsidir.
Əldə olunan nəticə təkcə diplomatik qələbə deyil, həm də Azərbaycanın son illər həyata keçirdiyi çoxvektorlu, proaktiv və prinsipial xarici siyasətin məntiqi nəticəsidir. Daşkənd sammiti göstərdi ki, Azərbaycan bu gün yalnız Cənubi Qafqazın aparıcı aktoru deyil, həm də Mərkəzi Asiya ilə birgə Avrasiyanın yeni geosiyasi və geoiqtisadi konturlarını müəyyən edən əsas dövlətlərdən biridir. Bu yeni mərhələ isə regional sabitlik, inteqrasiya və strateji qarşılıqlı asılılığın dərinləşməsi üçün möhkəm əsas yaradır”.

Chosen
28
50
sia.az

10Sources