Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır. Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir.
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yeni və daha yüksək mərhələyə qədəm qoymuşdur. Tarixi, mədəni və dili kökləri bir olan iki qardaş ölkə strateji tərəfdaş kimi bir çox sahələrdə əməkdaşlığı gücləndirir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər və həyata keçirilən layihələr bu münasibətlərin dinamik şəkildə inkişaf etdiyini göstərir.
Prezident cənab İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə zamanı iki dost ölkə arasında uğurla inkişaf etməkdə olan münasibətlər barədə ətraflı məlumat vermişdir və qarşıda duran gələcək prespektivlərin əhəmiyyətindən bəhs etmişdir. Prezident cənab İlham Əliyev müsahibə zamanı bildirdi ki, "Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Fürsətdən istifadə edərək, qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik. Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm. Hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir."
Bütün bu amillər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə rəsmi tərəfdaşlıq deyil, həm də sarsılmaz dostluq və qardaşlıq üzərində qurulmuş bir əlaqələr sistemidir. Bu münasibətlərin gələcək illərdə daha da genişlənəcəyi və regional əməkdaşlığa mühüm töhfə verəcəyi gözlənilir.
Hər iki ölkə türk dünyasının mühüm üzvləri kimi regional geosiyasətdə xüsusi rol oynayır. Bu əlaqələrin güclənməsi həm tarixi-mədəni yaxınlıq, həm də siyasi, iqtisadi və humanitar sahələrdə ortaq maraqlarla şərtlənir.