EN

Tədqiqatçılar xəbərdarlıq edir: ekstremal isti havalar min il davam edə bilər

“Çistı nol”a çatdıqdan sonra belə istilərin azalması gözlənilmir…

Poliqon xəbər verir ki, alimlərin yeni araşdırması Yer üzünün ekstremal istilərdən min ilə yaxın xilas ola bilməyəcəyini göstərib. ARC Center of Excellence for 21st Century Weather və CSIRO mütəxəssisləri superkompüter modelləşdirilməsindən istifadə edərək gələcək iqlim ssenarilərini hesablayıblar. Nəticələr Environmental Research: Climate (ERC) jurnalında dərc olunub.

Tədqiqatda dünyanın müxtəlif vaxtlarda — 2030–2060-cı illər arasında — “çistı nol”a (sıfır xalis emissiya) çatdığı fərziyyələri əsasında minillik iqlim proqnozları qurulub. Modelləşdirmə göstərib ki, hətta emissiyaların sıfıra endirilməsi beş il belə geciksə, istilik dalğaları daha uzunmüddətli, daha intensiv və daha tez-tez baş verən hadisələrə çevrilir.

Alimlər qeyd edir ki, istilik dalğalarının güclənməsi prosesi 1000 il keçsə belə ciddi şəkildə geri dönmür. Əksər ssenarilərdə ekstremal isti günlərin sayı və intensivliyi sənaye öncəsi dövrlərə qayıtmır. Tədqiqatda həmçinin “superisti” adlandırılan, tarixən çox nadir baş verən ekstremal hadisələrin gələcəkdə daha müntəzəm yaşanacağı vurğulanır.

Mütəxəssislər əlavə edir ki, Cənub Okeanında uzunmüddətli istiləşmə qlobal temperatur artımı dayandırıldıqdan sonra belə ekstremal isti havaların davam etməsinə şərait yarada bilər. Bu, istilik dalğalarının azalmasını daha da ləngidən amildir.

Hesablamalara görə, dünya “çistı nol”a yalnız 2050-ci ildə çatsa, bu günün istilik rekordlarını üstələyən dalğalar xüsusilə tropik ölkələrdə ildə ən azı bir dəfə baş verəcək.

Araşdırmanın baş müəllifi, Avstraliya Milli Universitetinin əməkdaşı professor Sara Perkins-Kirkpatrik deyib:
“Nəticələrimiz göstərir ki, ‘çistı nol’a çatmaq iqlimin yaxşılaşması demək deyil. Gələcək nəsillər ekstremal istilərin normaya çevrildiyi bir dünyada yaşamağa hazır olmalıdır.”

Alimin sözlərinə görə, dünya ölkələri iqlim dəyişikliklərinə uyğunlaşmanı uzunmüddətli və fasiləsiz proses kimi qəbul etməli, sosial və iqtisadi sistemləri buna hazır vəziyyətə gətirməlidirlər.

Poliqon.info

Chosen
33
9
poliqon.info

10Sources