“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xaldır. Fasilədən sonra komanda olaraq oyun ritmindən düşürük. Çox yaxşı, maraqlı oyun getdi. Qarşımızda da yaxşı rəqib var idi. Bu gün oyuna fərqli sistemdə başladılar. Biz fərqli hazırlaşmışdıq. Qarşımızda beşli müdafiə görəndə bəzi anlaşılmazlıqlar oldu. Amma get-gedə oyunu ələ ala bildik. Əsl futbol atmosferi var idi. Bütün azarkeşlərə təşəkkür edirəm”.
Qurbanov yeni transferlərdən olan Xoni Montielin hazırlıq durumundan və onun “Napoli”yə (İtaliya) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasında mümkün iştirakından da söhbət açıb:
“İlk “11-lik”də onun üçün çətin olar. Bir ildən çoxdur start heyətində meydanda olmamışdı. Bir az narahatlığımız var idi. Bəlkə də onu çox oynatdıq. Düşündük ki, fasilədə 15 dəqiqə istirahət edib bir az da oyunda olsa, pis olmaz. Özünü yaxşı tərəfdən göstərdi. Ona öz idman formasını bərpa etmək üçün bir az vaxt lazım olacaq. “Napoli” ilə matçın gedişatında Montieli meydanda görə bilərik.
Elvin Cəfərquliyevin yoxluğu isə sağlamlığı ilə bağlıdır. Neçə gün qızdırması oldu. Komanda ilə iki məşq edib. Bir az idman formasını itirib. Hazırda tam hazır deyil”.
Qurban Qurbanov son zamanlar emonional reaksiyalar verməsi ilə bağlı sualı isə belə cavablandırıb:
“Həyatda ümumiyyətlə emosional olmayan insan var? Arada nəsə demək, hirslənmək lazımdır”.
