“Mançester Siti”nin italiyalı qapıçısı Canluici Donnarumma komanda yoldaşı, norveçli mərkəz hücumçusu Erlinq Haland haqda söhbət açıb.
Arena.az italyan qolkiperin müvafiq fikrini təqdim edir:
“Haland fantastik oğlandır. O, elə sakitdir ki, ailəsini sevir və onlarla vaxt keçirir. Biz ümumi dil tapmışıq. Hətta biz bir-birimizə qarşı oynayanda belə, əlaqə saxlayır və oyunlardan sonra tez-tez ünsiyyət edirdik”, deyə Donnarumma vurğulayıb.
Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 19 qol vurub, 1 məhsuldar ötürmə verib.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 161 oyun, 143 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 48 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.
