23 noyabrda Argentina millisinin uzun illər baş məşqçisi olmuş Omar Souto vəfat edib.
Publika.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib. Souto milli komandanın sistemində 30 ildən artıq çalışıb.
Omar Lionel Messinin Argentina yığmasında çıxış etməsini mümkün edən şəxslərdən biri hesab olunur. Messi Argentinada doğulsa da, İspaniya yığmasında oynamaq hüququ var idi. 2003-cü ildə Lionel “La Masiya”dan əsas komandaya yüksələndə Souto onu görmüş və U-20-yə çağırılması üçün hər şeyi etmişdi. Bu hadisə Ariel Senosayının “Messi, həqiqi dahidir” adlı kitabında da qeyd olunur.
Məlumata görə, Omar Rosaridoda yaşayan insanların telefon nömrələrinin olduğu arxivdən istifadə edib Messinin yaxınları ilə əlaqə yaradıb. Əvvəlcə Leonun nənəsinə, sonra dayısına, daha sonra isə atası Xorxe Messiyə zəng edib. Lakin danışıq zamanı Souto Messinin adını səhv salıb. “Onun atasına zəng edib özümü təqdim etdim və oğlunu yığmaya çağırmaq istədiyimizi dedim, amma adını səhv dedim: mən həmişə düşünürdüm ki, Leo – Leonardonun qısaldılmış formasıdır. Xorxe isə mənə “Onun adı Lionel”di dedi. O, Argentinadan gələcək zəngi gözləyirmiş”.