EN

“Ayın qolu”: Leroy Mikels mükafatlandırıldı – ARENA.AZ

“Ayın qolu” layihəsi çərçivəsində Premyer Liqada noyabrın ən yaxşı qolunun müəllifi olan “Zirə”nin futbolçusu Leroy Mikels mükafatlandırılıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Mükafatı futbolçuya 16-cı turun “Zirə” – “İmişli” görüşündən əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Xatırladaq ki, Leroy Mikels Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Karvan”a 3:2 hesabıyla qalib gəldikləri səfər oyununda vurduğu baxımlı qolla ən yaxşılar sırasına düşmüşdü. Onun vurduğu qol yekunda qalib elan edilib.

Əvvəlki aylarda Dioqo Balau (“Şamaxı”) avqustun, Andrey Tırkovyanu (“Şamaxı”) sentyabrın, Kahim Parris (“Sabah”) isə oktyabrın ən yaxşı qolunun müəllifi seçilmişdi.

Qeyd edək ki, Birinci və İkinci Liqalarda da noyabr ayının ən yaxşı qolunun müəllifi bəllidir. Münsiflər heyətinin səsinə əsasən, Birinci Liqada Seymur Məmmədov (“Mingəçevir”), İkinci Liqada Ceyhun Rəcəbli (“Şəmkir”) birinci olub.

PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Chosen
47
5
arena.az

5Sources