EN

Azərbaycanda toy yasa döndü - ölənlər və yaralılar var - FOTO - VİDEO

19:32

27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb.

19.26

Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Fidan Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.

Araşdırma aparılır.

19.02

Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.

18.36

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.

  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
  • Azərbaycanda
Chosen
30
4
day.az

7Sources