EN

Hüquq müdafiəçisi: İdmanın inkişafına göstərilən diqqət ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və bu istiqamətdə dövlət xətti ilə bir çox proqram icra edilib. İdmana diqqət və qayğının nəticəsidir ki, beynəlxalq yarışlarda idmançılarımız Azərbaycan Bayrağının ən yüksəkliyə qaldırılması üçün əzmlə mübarizə aparır və buna nail olurlar. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında bu məsələni xüsusi vurğuladı. Ölkə başçısı bizim siyasətimizin əsas istiqamətlərindən birinin də gənclərin sağlam, vətənpərvərlik ruhunda tərbiyə edilməsinin olduğunu diqqətə çatdırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışına münasibət bildirərkən səsləndirib.

Hüquq müdafiəçisi dövlətimizin başçısının çıxışına istinadən deyib ki, bu il idmançılarımız beynəlxalq yarışlarda 2000-dən çox, o cümlədən 600-dən çox qızıl medal qazanıblar. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idmanın inkişafı uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu da təbiidir. Çünki ölkə Prezidentinin idmanın inkişafına göstərdiyi diqqət, apardığı dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.

Hüquq müdafiəçisi sözünə davam edərək deyib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və bu sahədə dövlət xətti ilə bir çox proqram icra edilib. İdman infrastrukturu, demək olar ki, sıfırdan qurulub və bu gün ən yüksək səviyyəyə çatıb. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait yaradılıb. Hazırda bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.

Hüquqşünas deyib ki, sağlam gənc nəsil ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır. İdmanın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyəti var. İdmançılarımız beynəlxalq miqyaslı yarışlarda Azərbaycan Bayrağını qaldıranda hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır.

Həm idmanda, həm də Vətən müharibəsində qazanılan qələbələr idmançıların məsuliyyətini artırır. Çünki son 5 ildə onlar yarışlarda müzəffər xalqın nümayəndələri kimi iştirak edirlər. Bu il ölkəmizdə keçirilmiş əsas idman yarışı kimi yadda qalan MDB ölkələrinin Üçüncü Oyunları da bunu təsdiqlədi. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bir neçə şəhərdə keçirildi. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri Xankəndidə keçirildi.

Komitə sədri deyib ki, Bakı şəhəri “Dünyanın idman paytaxtı” seçilib. Bu, çox böyük hadisədir, xalqımız üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən yüksək qiymətdir.

O, həmçinin bildirib ki, ölkəmizdə idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması artıq ənənə halını alıb: “Bu, çox gözəl ənənədir. Artıq 30 ilə yaxındır bu ənənə davam edir. Azərbaycanın idman şöhrətini ucaldan insanlar, əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməli və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir. İdmançılarımız dövlətimizin və onun başçısının diqqət və qayğısından ruhlanaraq bundan sonra da Azərbaycan Bayrağının ən yüksəyə qaldırılması uğrunda əzmlə mübarizə aparacaqlar”.

Chosen
54
40
azertag.az

10Sources