EN

Uşaqlar arasında yayılan virus təhlükəsi – HƏKİMDƏN XƏBƏRDARLIQ!

Son günlər Azərbaycanda uşaqlar arasında yayılan yoluxucu xəstəlik halları ciddi narahatlıq doğurur.

Ölkənin müxtəlif bölgələrindən daxil olan məlumatlara görə, azyaşlılar arasında yüksək hərarət, ürəkbulanma, qusma, güclü halsızlıq və bədən ağrıları ilə müşayiət olunan infeksiyalar sürətlə artır. Xəstəlik daha çox bağça və ibtidai sinif yaşında olan uşaqlarda qeydə alınır.

Bir çox valideyn bildirir ki, bəzi hallarda uşaqlarda hərarət 39–40 dərəcəyədək yüksəlir, uzun müddət enmir və bu da ümumi vəziyyətin kəskin şəkildə pisləşməsinə səbəb olur.

Diqqətçəkən məqamlardan biri də xəstəliyin təkcə tənəffüs yolları ilə məhdudlaşmamasıdır. Uşaqlarda öskürək, boğaz ağrısı və burun axıntısı ilə yanaşı, eyni zamanda qusma, ishal və iştahasızlıq kimi mədə-bağırsaq pozuntuları da müşahidə olunur.

Mütəxəssislər bu cür qarışıq simptomların mövsümi virus infeksiyaları üçün xarakterik olduğunu desələr də, bəzi hallarda xəstəliyin ağırlaşaraq pnevmoniya və digər ciddi fəsadlara yol aça biləcəyini istisna etmirlər.

Valideynlərin bir hissəsi uşaqların vəziyyətini yüngülləşdirmək üçün həkimə müraciət etmədən xalq arasında geniş yayılan üsullara üstünlük verir. Son vaxtlar sirkə və spirtlə bədənin silinməsi, banka qoyulması, müxtəlif kəskin masajların tətbiqi yenidən aktuallaşıb. Ancaq mütəxəssislər bu cür müdaxilələrin faydasız olmaqla yanaşı, uşağın sağlamlığı üçün təhlükə yarada biləcəyini bildirirlər.

Bu barədə NOCOMMENT.az-a danışan pediatr Sevinc Əliyeva bildirib ki, hazırda müşahidə olunan hallar əsasən mövsümi respirator virus infeksiyalarının ağır keçən formalarıdır:

“Hazırda yayılan virus klassik respirator infeksiyalardan biridir, lakin uşaqların immun sistemi zəif olduqda xəstəlik daha ağır əlamətlərlə özünü göstərir. Yüksək qızdırma, qusma və halsızlıq valideynləri qorxudur, amma bu mərhələdə ən böyük risk özbaşına və yanlış müdaxilədir.”

Həkimin sözlərinə görə, sirkə və spirtlə bədənin silinməsi dəridən sorularaq toksik təsir göstərə, hətta qıcolma və allergik reaksiyalara səbəb ola bilər:

“Bu üsulların heç birinin virusu müalicə etmək qabiliyyəti yoxdur. Əksinə, uşağın vəziyyətini daha da ağırlaşdıra bilər. Xalq təbabəti virus infeksiyalarını sağaltmır.”

Sevinc Əliyeva valideynlərə təhlükəsiz yanaşma tövsiyə edərək bildirib ki, uşağın olduğu otağın temperaturu 21–22 dərəcə səviyyəsində saxlanılmalı, uşaq qalın geyindirilməməli, ilıq (soyuq olmayan) su ilə silinməli və bol maye qəbulu təmin edilməlidir.

Qızdırmasalıcı preparatlar isə yalnız pediatrın məsləhəti ilə verilməlidir.

Mütəxəssis xüsusilə vurğulayıb ki, əgər qızdırma 3 gündən artıq davam edərsə, uşaqda nəfəsalma çətinliyi, davamlı qusma, huşun bulanması və ya dodaqlarda göyərmə müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır.

“Hazırkı vəziyyət panika üçün əsas olmasa da, diqqətsizlik ciddi fəsadlara yol aça bilər. Valideynlər gigiyena qaydalarına ciddi əməl etməli, uşaqları xəstəlik əlamətləri olan şəxslərlə təmasdan qorumağa və özbaşına müalicədən çəkinməyə xüsusi diqqət yetirməlidirlər” , – deyə pediatr qeyd edib.

Chosen
37
24
nocomment.az

10Sources