Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti EY (Ernst & Young) qlobal şəbəkəsinin strateji konsaltinq bölməsi olan EY-Parthenonun hesabatına istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Birləşmiş Krallıq hökuməti qarşıdakı 15 il ərzində NATO ilə bağlı iddialı hədəflərə çatmaq üçün müdafiə layihələri və daha geniş strateji infrastruktur məqsədləri naminə 800 milyarddan artıq əlavə maliyyə resursu cəlb etməlidir. Bu hədəflər ABŞ prezidenti Donald Trampın təzyiqlərindən sonra müəyyənləşdirilib.
Qeyd edək ki, iyun ayında Haaqada keçirilən NATO sammitində Avropa ölkələrinin hərbi xərclərinin 2034-cü ilə qədər ÜDM-in 5 faizinədək artırılması barədə qərar qəbul olunub.
Müdafiə xərcləri paketinə yeni kazarmaların tikintisi, muxtar hərbi sistemlərin hazırlanması, sursat istehsalı zavodlarının inkişafı və hərbi-dəniz bazalarına yatırımlar daxildir. Eyni zamanda hərbi mobilliyin artırılması, təchizat zəncirlərinin dayanıqlığı və strateji texnologiyaların tətbiqi üçün yol və dəmir yolu infrastrukturuna əlavə investisiyalara ehtiyac yaranacaq.
EY-nin Böyük Britaniyada makroiqtisadiyyat və geostrateji istiqamət üzrə rəhbəri Mats Persson bildirib ki, müdafiə sahəsində yeni prioritetlər ölkənin maliyyə gündəliyini köklü şəkildə dəyişir. Onun sözlərinə görə, qarşıdakı 15 ildə enerji, infrastruktur, səhiyyə və müdafiə sahələrində "birdəfəlik transformasiyalar" səbəbindən maliyyə ehtiyacları daha da artacaq.