EN

Alisson Bekker Premyer Liqada 100-ə çatdı – ARENA.AZ

Futbol üzrə İngiltərə Premyer Liqasının 19-cu turunun “Lids”lə oyunu “Liverpul”un qapıçısı Alisson Bekker üçün əlamətdar olub.

Arena.az bu barədə Mersisayd təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, braziliyalı qolkiperin bu komandanın heyətində çempionatda qol buraxmadığı matçların sayı 100-ə çatıb. Sözügedən qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Alisson Bekker “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyul ayında 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Qolkiper cari mövsümdə “Liverpul” üçün 17 oyun keçirib, 20 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.

Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 314 oyun, 289 buraxılmış qol, 132 “quru” oyundan ibarətdir.

Alisson Avropada klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020, 2024/2025), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), UEFA Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020). “İnternasyonal”la isə Alisson Qauşu Çempionatının (Braziliyanın Riu-Qrandi-du-Sul ştatının çempionatı) dördqat (2012/2013, 2013/2014, 2014/2015, 2015/2016) qalibi olub.

Alisson Bekker 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 76 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 33 qol buraxıb, 44 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı qapıçının transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
45
6
arena.az

10Sources