Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Emin Kürdov Bakıda təşkil olunmuş təlim-məşq toplanışını dəyərləndirib.
Arena.az xəbər verir ki, yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimrka yığması ilə yoxlama oyunları keçirəcək Azərbaycan millisi hazırlığını davam etdirir.
Yanvarın 18-də təlim-məşq toplanışına start vermiş komandamız oyuna qədər 6 məşq keçəcək.
Bu gün millinin ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq məşqi, məşqdən əvvəl isə baş məşqçinin brifinqi keçirilib.
Emin Kürdov jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Dünəndən məşqlərə başlamışıq. Danimarka ilə iki oyun keçirəcəyik ki, bu da bizim üçün yaxşı fürsətdir. Çünki payızda dünya çempionatının seçmə oyunlarında iştirak edəcəyik. Komandanın tam formalaşması, gənc oyunçuların təcrübə qazanması baxımından Danimarka ilə qarşılaşmalar önəmlidir. Komandamızda yeni futzalçılar az deyil. Millinin potensialı var, sadəcə bir qədər zaman lazımdır. Əlbəttə, dünya çempionatında da yaxşı nəticələr qazanmalıyıq”.
Final mərhələsi 2028-ci ildə keçiriləcək dünya çempionatının oyunlarına komandamız əsas mərhələdən başlayacaq. Apreldə ilkin mərhələnin görüşləri keçiriləcək, mayın 19-da isə 36 komandanın iştirak edəcəyi əsas mərhələnin püşkü atılacaq. Oyunlara isə bu ilin oktyabrda start veriləcək.
