BAKI, 21 yanvar. TELEQRAF
Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında iş üzrə adı keçən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən Cəmilə Əliyevanın vəkili vəsatət verib. O, iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi yanvarın 28-nə təxir edilib.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.
Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.