ABŞ lideri Donald Tramp Qrenlandiya sakinlərinə ABŞ-yə birləşmənin lehinə səs verəcəkləri təqdirdə hər birinə 1 milyon dollar təklif etməyi nəzərdən keçirir.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin yazdığına görə, NATO rəsmiləri Danimarkanın ABŞ-yə Qrenlandiyada “ərazinin kiçik hissələrini” verməsini nəzərdə tutan sazişi müzakirə ediblər. Həmin ərazilərdə ABŞ hərbi bazalar tikə bilər.
“Axios” mənbələrinin məlumatına görə, Tramp ilə NATO-nun baş katibi Mark Rüttenin yanvarın 21-də müzakirə etdiyi Qrenlandiya üzrə çərçivə razılaşması Danimarkanın ada üzərində suverenliyinə hörmət prinsipini ehtiva edir. Rütte ilə danışıqlardan sonra Tramp bildirib ki, Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxdıqlarına görə fevralın 1-dən səkkiz Avropa müttəfiqinə gömrük rüsumları tətbiq etməyəcək. Onun sözlərinə görə, əgər razılaşma Rütte tərəfindən müzakirə edilən şərtlərlə əldə olunarsa, “Qrenlandiya böhranı” tam şəkildə həll ediləcək.