EN

Məktəblərdə yeni fənn tədris oluna bilər?

Bilirik ki, magistratura və dövlət qulluğu kimi imtahanlarda məntiq fənni üzrə suallar yer alır. Lakin məktəblərdə məntiq dərsi keçməyən şagirdlər üçün bu fənni sonradan qavramaq müəyyən çətinliklər yarada bilər. Bu baxımdan sual yaranır: məktəblərdə məntiq dərsi ayrıca fənn kimi tədris olunmalıdırmı?Təhsil eksperti Elçin Süleymanov Metbuat.az-a açıqlamasında bildirib ki, bir çox ölkədə məntiq və kritik düşüncə müstəqil bir fənn kimi yox, riyaziyyat fənni çərçivəsində öyrədilir: “Ali təhsildə və dövlət qulluğuna qəbul prosesində məntiq sualları şəxsin hansı təhsil müəssisəsini bitirməsindən asılı olmayaraq onun zəkasını və analitik düşünmə qabiliyyətini ölçməyə xidmət edir. Bu, olduqca əhəmiyyətlidir. Çünki elə şəxslər ola bilər ki, orta və ali təhsildə müxtəlif səbəblərdən yüksək keyfiyyətli təhsil ala bilməyiblər, lakin zəka səviyyəsi və analitik düşüncə qabiliyyəti yüksəkdir. Belə şəxslərin məntiqi təfəkkürü gələcəkdə yaxşı mütəxəssis kimi formalaşmasına imkan yarada bilər. Məhz buna görə həm dövlət qulluğunda, həm də magistraturaya qəbulda məntiqi təfəkkürün ölçülməsinə üstünlük verilir”.E.Süleymanovun sözlərinə görə, formal təhsil mövzularından kənar olaraq şəxsin savad və intellekt səviyyəsini IQ testləri və oxşar qiymətləndirmə üsulları ilə də müəyyən etmək mümkündür: “Bu cür testlər vasitəsilə potensialı yüksək olan şəxslərin sonradan müxtəlif təlimlər və təhsil proqramları hesabına peşəkar mütəxəssis kimi yetişməsi mümkündür. Digər tərəfdən, bəzən yalnız əzbərçilik və test yönümlü hazırlıqla yüksək nəticə göstərən şəxslər sonrakı mərhələdə bilik və bacarıqların mənimsənilməsində çətinlik çəkə bilirlər. Bu səbəbdən məntiqi təfəkkürün qiymətləndirilməsi vacib hesab olunur və bu yanaşma illərdir ki, müxtəlif şirkətlərdə də tətbiq edilir”. Ekspertin qənaətincə, məntiqin orta təhsilə daxil edilməsi üçün ayrıca bir fənnin yaradılmasına ehtiyac yoxdur. Bu istiqamətdə mövzular müxtəlif fənlərin tərkibində ayrıca bölmələr şəklində tədris oluna bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
23
metbuat.az

1Sources