EN

Təcili tibbi yardım briqadası ağır vəziyyətdə olan uşağı yolda düşürüb?VİDEO

Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasının ağır vəziyyətdə olan xəstə uşağı yolda köməksiz vəziyyətdə qoyduğu iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə video sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edilib ki, hadisə yanvarın 18-də baş verib. 

Görüntüdə iddia olunur ki, rayon sakini olan 5 yaşlı uşaq ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin vəziyyəti daha da ağırlaşıb və həkimlər onun Bakıya göndərilməsinə qərar veriblər. Bu məqsədlə xəstəxana uşağı təcili tibbi yardım briqadası ilə Bakıya yola salıb. Lakin sonradan yolda olan briqada geri çağırılıb.

Həmin vaxt təcili tibbi yardım stansiyasında növbədə olan dispetçer bildirir ki, hadisə anlaşılmazlıq səbəbindən baş verib. 113 qaynar xəttindən qəbul olunan zəng yanlış qərarın verilməsinə səbəb olub. Briqada yola çıxdıqdan bir qədər sonra dispetçer təkrar 113 xidmətinə göndərişlə bağlı məlumat verəndə məlum olub ki, təxliyə barədə qərar qəbul edilməyib. Təcili şəkildə xəstənin xəstəxanaya təhvil verilməsi, briqadanın geri qayıtması tələb olunub.

Tərəflər arasında yaranan anlaşılmazlıq ərazidə xidmət aparan YPX əməkdaşlarının diqqətini cəlb edib.

Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir stasionar postunun əməkdaşları hadisə yerinə gəliblər və xəstəni Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırıblar.

TƏBİB-dən isə bildirilib ki, xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən "endirilərək tərk edilməsi" ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. 

Qız Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsində stasionar müalicə aldığı halda, xəstənin yaxınları özbaşına şəkildə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət edərək dispetçerə qarşı təzyiq göstərib, təxliyə tələbi irəli sürüblər. Mövcud qaydalara əsasən, xəstənin təxliyəsi barədə qərar yalnız həkimlərin konsiliumu və müvafiq mütəxəssislərin rəyindən sonra qəbul edilir və qəbul edən xəstəxana ilə razılaşdırıldıqdan sonra Regional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi dispetçer xidməti vasitəsilə təşkil olunur. Lakin qeyd olunan halda mövcud protokol pozulub, dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqada göndərilib. Bununla əlaqədar olaraq məsul əməkdaş barəsində inzibati tənbeh tədbiri görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
88
1
xezerxeber.az

7Sources