EN

Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi Azərbaycana nə verəcək?



İranın xarici işlər nazirinin müavini jurnalistlərə deyib ki, Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisini Novruz bayramına qədər tamamlamağı planlaşdırırıq.

Bu bizim üçün nə verəcək?

Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün açılması Zəngilan-Naxçıvan xəttində məsafəni mövcud Culfa marşrutu ilə müqayisədə təxminən 60-100 kilometr qısaldır. Bu fərq kağız üzərində sadə görünə bilər, amma real iqtisadi təsiri kifayət qədər ölçülə biləndir.

Avtomobil daşımalarında, xüsusilə kənd təsərrüfatı məhsulları üzrə, qəbul edilən praktik yanaşmaya görə hər 100 kilometrlik məsafə məhsulun maya dəyərinə orta hesabla 0.5-3 %v əlavə yük yaradır. Məhsul ucuz olduqda, həcmi böyük olduqda və ya soyuduculu daşınma tələb edildikdə bu göstərici 3-6 %-ə qədər yüksələ bilir.

Məsələn, 1 ton məhsulun dəyəri 1000 man. olduqda 100 km-lik yol daşınma xərci hesabına maya dəyərini təxminən 0.8-1.5 % artırır. Eyni məsafə 1 ton məhsulun dəyəri 300-400 man. olan mallarda 2-5 %-lik təsir yarada bilir. Yəni yolun hər kilometri məhsul ucuzlaşdıqca daha ağır hiss olunur.

Bu baxımdan marşrutun 60-100 kilometr qısalması kənd təsərrüfatı və gündəlik istehlak mallarında məhsulun maya dəyərində təxminən 0.3-3 % aralığında birbaşa qənaət effekti yaradır. Bunun üzərinə vaxt itkisi azalır, yanacaq sərfi düşür, sürücü və texniki resurslardan istifadə daha səmərəli olur, gecikmə və məhsul itkisi riskləri zəifləyir.
Logistika xərci məhsulun qiymətində adətən görünməyən, amma bazar davranışını müəyyən edən əsas amillərdən biridir. Məsafə qısaldıqca regionlararası qiymət fərqləri azalır, tədarük daha stabil olur və Naxçıvan istiqamətində bazarın proqnozlaşdırıla bilmə səviyyəsi yüksəlir.

Bu layihənin real iqtisadi dəyəri məhz buradan başlayır. Praktikada 100 kilometrlik yol bəzən məhsulun maya dəyərində 3 faizə qədər fərq yarada bilir. Bu isə artıq bazarda hiss oluna bilən nəticədir.

Eldəniz Əmirov, iqtisadçı
Chosen
32
2
newscenter.az

5Sources