EN

Hücum zərbəsi Vaşinqtonu iki yerə böldü: Onlar razı deyillər - Kəşfiyyat

İsrailin ivritdilli gündəlik qəzeti “Israel Hayom”un 25 yanvar 2026-cı il tarixli məlumatına görə, ABŞ daxilində və Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqləri arasında İrana mümkün hərbi zərbə ilə bağlı ciddi fikir ayrılığı yaranıb.

Ölkə.Az xəbər verir ki, məsələ təkcə taktiki yanaşmalarla məhdudlaşmır, söhbət regionda müharibə riskinin kəskin şəkildə artıb-artmamasından gedir. Müzakirələr Tramp administrasiyasının daxilində də açıq parçalanmaya səbəb olub.

Məlumata görə, İrana qarşı hərbi zərbələrin tərəfdarları sırasında ABŞ-nin vitse-prezidenti Cared Din Vens, dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqset yer alır. Bu mövqeni beynəlxalq səviyyədə Birləşmiş Krallıq, İsrail və Birləşmiş Ərəb Əmirlikləri də dəstəkləyir.

Eyni zamanda, İrana hərbi müdaxilənin əleyhdarları da kifayət qədər güclü düşərgə formalaşdırıblar. ABŞ prezidentinin xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff hərbi ssenarinin risklərini önə çəkən fiqurlar sırasındadır. Region ölkələrindən isə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər mümkün zərbəyə qarşı çıxan tərəflər kimi göstərilir.

“Israel Hayom” qeyd edir ki, bu fikir ayrılığı Yaxın Şərqdə geosiyasi balansın nə qədər həssas mərhələyə daxil olduğunu göstərir və İrana qarşı istənilən addımın təkcə Tehranla deyil, bütün regionla bağlı ciddi nəticələr doğura biləcəyi qənaətini gücləndirir.

Bununla belə, ABŞ-nin bölgədəki müttəfiqlərindən olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi İrana qarşı hücum iddiaları ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "BƏƏ İrana qarşı heç bir hərbi hücumda hava məkanının, ərazisinin və ya ərazi sularının istifadəsinə icazə verməyəcəyini təsdiqləyir".

Bəyanatda İrana hücum üçün heç bir lojistik dəstəyin göstərilməyəcəyi qeyd edilib və böhranların həllində beynəlxalq hüquqa riayət edilməsinə və dövlətlərin suverenliyinə hörmət edilməsinə çağırılıb. Bəyanatda həmçinin BƏƏ-nin mübahisələrin diplomatik yolla həllinə tərəfdar olduğu bildirilib.

"The New York Times" yazır ki, ABŞ kəşfiyyatı ABŞ prezidenti Donald Trampa İran hökumətinin mövqeyinin 1979-cu ildə İslam İnqilabının Qərbyönlü Şah hökumətini devirməsindən bəri ən zəif nöqtəsində olduğunu təsvir edən hesabat təqdim edib.

Kəşfiyyat məlumatlarına görə, kütləvi etirazlar hətta hakimiyyətin ənənəvi olaraq ali lider Ayətullah Əli Xameneiyə dəstək qalaları hesab etdiyi İran bölgələrinə də təsir edib və bu, hökumət dairələrində narahatlıq doğurub.

NYT-nin məlumatına görə, iğtişaşlar sakitləşsə də, hökumətin mövqeyi gərgin olaraq qalır. Qəzet əlavə edib ki, kəşfiyyat məlumatlarına görə, sosial iğtişaşlarla yanaşı, ölkə dərin iqtisadi böhranla üzləşir və bu, onu əvvəlkindən daha zəiflədir.

Bütün bu məlumatlar onu göstərir ki, İran ətrafında formalaşan vəziyyət təkcə mümkün hərbi ssenari ilə deyil, eyni zamanda regiondaxili və regionlararası siyasi ziddiyyətlərin kəskinləşməsi ilə xarakterizə olunur. ABŞ daxilində və müttəfiqləri arasında mövqelərin parçalanması Vaşinqtonun vahid və sürətli qərar qəbul etməsini çətinləşdirir, BƏƏ-nin açıq şəkildə hava məkanını bağlayacağını bəyan etməsi isə hətta ən yaxın tərəfdaşların belə müharibə riskindən uzaq durmağa çalışdığını göstərir. Paralel olaraq ABŞ kəşfiyyatının İran daxilində sosial narazılıqlar və dərin iqtisadi böhran barədə qiymətləndirmələri Tehranın zəifləmiş vəziyyətdə olduğunu ortaya qoysa da, bu zəifliyin hərbi müdaxilə üçün fürsət, yoxsa əksinə, regionu nəzarətsiz xaosa sürükləyə biləcək təhlükəli mərhələ olması sualı açıq qalır. Mövcud mənzərə göstərir ki, İran məsələsi artıq tək bir zərbə qərarından deyil, Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasını müəyyən edəcək mürəkkəb strateji seçimdən ibarətdir.

Miri
Ölkə.Az

Chosen
104
45
olke.az

10Sources