EN

"Bu normanın əsas fəlsəfəsi vətəndaşı, ailə həkiminə yönləndirməkdir"

Yazını böyüt
Yazını kiçilt

“Tibbi sığorta haqqında” Qanunun 15-28.3-cü maddəsinin tətbiq müddətinin 16-4.4-1-ci maddə vasitəsilə 2027-ci il 1 yanvar tarixinədək uzadılması – mahiyyət etibarilə texniki yox, sistemin gələcək davranışını formalaşdıran strateji qərardır.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədin müzakirəsi zamanı çıxış edən deputat Müşfiq Məmmədli bildirib:

"Söhbət Azərbaycan üzrə icbari tibbi sığorta modelində ilkin tibbi-sanitariya yardımının real rolundan gedir.
Qanunun 15-28.3-cü maddəsinə əsasən, sığortaolunan şəxs ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkimə getdikdə, müştərək maliyyələşmə məbləği ödəməlidir. Bu norma faktiki olaraq ailə həkimi və Ailə saglamlıq mərkəzi (poliklinika ) səviyyəsini sistemin “ilk qapısı” kimi möhkəmləndirməyə xidmət edir. Lakin biz hamımız bilirik ki, bu mexanizm praktikada istədiyimiz səviyyədə işlək deyil".

Deputat təklif olunan uzadılmanı dörd əsas səbəblə dəstəklədiyini qeyd edib:

"Birinci səbəb ondan ibarətdir ki, sistem hələ buna tam hazır deyil. Bu gün bir çox regionda ilkin tibbi-sanitariya yardımı infrastrukturu, kadr təminatı və xidmət spektri vətəndaşın real ehtiyacını tam qarşılamır. Əgər biz indiki mərhələdə müştərək maliyyələşmə mexanizmini sərt şəkildə tətbiq etsək, vətəndaş faktiki olaraq keyfiyyətli alternativ xidmət olmadan əlavə maliyyə yükü ilə üz-üzə qalacaq. Bu isə sosial baxımdan həssas qruplar üçün əlavə çətinliklər yaradır. İkinci səbəb isə ondan ibarətdir ki, göndəriş sistemi hələ institusional olaraq formalaşmayıb.

Qanunvericilikdə göndəriş mexanizmi nəzərdə tutulsa da, praktikada:

– ailə həkiminin xəstənin marşrutunu müəyyən edən əsas fiqur kimi rolu hələ tam formalaşmayıb;
– informasiya sistemləri və vahid elektron göndəriş mexanizmi bütün ölkə üzrə stabil fəaliyyət göstərmir.
Belə şəraitdə birbaşa ixtisaslaşdırılmış həkimə müraciətə görə vətəndaşa maliyyə sanksiyası tətbiq etmək, mexanizmi möhkəmləndirmir, əksinə sosial dövlət prinsipləri ilə uzlaşmır. Üçüncü səbəb isə odur ki, məqsəd müştərək maliyyələşmə tətbiq etmək yox, davranışı dəyişməkdir.

Bu normanın əsas fəlsəfəsi vətəndaşı, ailə həkiminə yönləndirməkdir.

Amma bu yalnız o halda mümkündür ki, ilkin səhiyyədə qəbul imkanları real olsun, laborator və diaqnostik minimum paket yerində təmin edilsin, ailə həkiminin verdiyi göndəriş sürətli şəkildə icra olunsun. Əks halda, vətəndaş üçün ilkin mərhələ əlavə maneəyə çevrilir.

Dördüncü və ən mühüm səbəb icbari tibbi sığortanın maliyyə dayanıqlığının ilkin səhiyyədən başlamasıdır. Bütün beynəlxalq təcrübə göstərir ki, xəstəxana və ixtisaslaşmış xidmətlər üzərində qurulan sistemlər uzunmüddətli perspektivdə daha baha başa gəlir. Əgər biz doğrudan da icbari tibbi sığortanın davamlı olmasını istəyiriksə, ilkin mərhələdə erkən diaqnostika, xroniki xəstəliklərin nəzarəti, profilaktika, real maliyyə və təşkilati mexanizmlərlə gücləndirilməlidir. Bu başa çatmadan, müştərək maliyyələşmə mexanizminin tam tətbiqi düzgün ardıcıllıq deyil".

Müşfiq Məmmədlinin sölərinə görə, 15-28.3-cü maddənin tətbiqinin 2027-ci il 1 yanvaradək uzadılması faktiki olaraq 1 il əlavə vaxt qazandırır:

"Yəni bu imkan verir ki, ilkin tibbi-sanitariya yardımı real giriş qapısına çevrilsin, göndəriş mexanizmi texniki və təşkilati baxımdan tam oturuşsun, ailə həkimi institutuna ictimai etimad formalaşsın. Yalnız bundan sonra müştərək maliyyələşmə mexanizmi həm sosial baxımdan ədalətli, həm də idarəetmə baxımından effektiv ola bilər. Ona görə də hesab edirəm ki, bu uzadılma icbari tibbi sığorta sisteminin mahiyyətinə zidd deyil,əksinə onun sağlam şəkildə qurulması üçün zəruri keçid mərhələsidir və dövlətimizin vətəndaşı ön planda tutmasının bir nümunəsidir. Sonda vurğulamaq istəyirəm: bu dəyişiklik faktiki olaraq ilkin səhiyyəni, aparılan sistemli islahatlar yolu ilə gücləndirərək, səhiyyə modelinin mərkəzinə gətirməyə xidmət etməlidir".

Xatırladaq ki, Milli Məclisin bugünkü plenar iclasında "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik 1-ci oxunuşda müzakirə edilib. Yeni dəyişikliyə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Qanun layihəsində müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2027-ci il 1 yanvar tarixindən həyata keçirilməsi təklif edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Chosen
9
6
hafta.az

7Sources