EN

Pakistan buna görə Əfqanıstana müharibə elan etdi!

“Pakistan və Əfqanıstan arasında baş verən müharibə, əlbəttə ki, yalnız bu günün deyil, uzun illərin mübarizəsinin nəticəsidir”.

Bu sözləri NOCOMMENT.az-a politoloq Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, Əfqanıstanda hakimiyyətdə olan Taliban hökuməti ilə Pakistan dövləti arasında illərdir siyasi mübarizə gedir:

“Məsələnin kökü ondadır ki, “Taliban” hərəkatı vaxtilə Pakistanda yaradılıb və bu hərəkatın üzvləri keçmiş mədrəsə tələbələridir. “Taliban”ın qurmaq istədiyi “İslam Əmirliyi”nə təkcə Əfqanıstan deyil, həmçinin Pakistan ərazisi də daxildir. Hərəkatın Pakistan ərazisində mütəşəkkilliyini daha da artırmaq üçün “Taliban”ın Pakistan qolu (TTP) da yaradılmışdı.

İki ölkənin sərhədindəki dağlarda gizlənən döyüşçülər tez-tez Pakistan ərazilərinə soxularaq terror aktları törədirdilər. Bunlardan ən böyüyü 2007-ci il dekabrın 27-də Ravalpindi şəhərində parlament seçkiləri öncəsi təbliğat kampaniyasına qatılan Pakistan Xalq Partiyasının lideri, ölkənin keçmiş baş naziri Bənazir Bhuttonun sui-qəsdlə öldürülməsi idi. Bu cinayətə görə məsuliyyəti Əl-Qaidə təşkilatı üzərinə götürsə də, bütün izlər “Pakistan Talibanı”na aparırdı. Qərb mediası da xanım Bhuttonun “Pakistan Talibanı”nın lideri Beytullah Məsudun sifarişi ilə öldürüldüyünü bildirirdi. Bu aktın özü “Pakistan Talibanı”nın “Əl-Qaidə” ilə yaxınlığını sübut edirdi. Əslində, Beytullah Məsudun dövründə “Pakistan Talibanı” hərəkatdan daha çox “Əl-Qaidə”nin bir qolu kimi fəaliyyət göstərirdi.

Əfqanıstanda hakimiyyətdə olan ABŞ dəstəkli Həmid Kərzayi hökuməti “Taliban”ı sıxdıqca, onların dağlar vasitəsilə Pakistana sızması və burada baza qurması halları çoxalmışdı. “Taliban” Əfqanıstanda yenidən hakimiyyətə gəldikdən sonra bu hallar daha da intensivləşib. Buna görə də Pakistan Hərbi Hava Qüvvələri 21–22 fevral tarixlərində Əfqanıstanın Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirib. Pakistan tərəfi bunu “Pakistan Talibanı” düşərgələrini məhv etmək üçün “kəşfiyyata əsaslanan əməliyyat” adlandırıb”.

Zeynal Əmrəliyəv

Politoloqun sözlərinə görə, “Taliban” hökuməti isə bunu Əfqanıstanın suverenliyinə təcavüz hesab edərək 26 fevral 2026-cı ildə Dürand xətti boyunca Pakistan hərbi mövqelərinə qarşı genişmiqyaslı hücuma keçdiyini elan edib:

“27 fevralda Pakistanın müdafiə naziri Xavaca Asif səbrlərinin tükəndiyini və artıq “açıq müharibə” vəziyyətində olduqlarını bəyan edib. Pakistan ordusu “Qəzəb lil-Haqq” (Haqq naminə qəzəb) adlı hərbi əməliyyata başladığını bildirib. Məsələnin ən mürəkkəb tərəfi odur ki, Pakistan ordusu hazırda yalnız Qəndəhar və Paktiyanı deyil, həm də paytaxt Kabili şiddətli şəkildə bombalayır.

Münaqişənin əsas siyasi tərəfi Əfqanıstanın Pakistan dövlətinə düşmən olan Tehreek-e-Taliban Pakistana (TTP) sığınacaq və dəstək verməsidirsə, digər tərəfi hərbi-coğrafi amillərlə bağlıdır. Belə ki, Əfqanıstandakı “Taliban” hökuməti iki ölkə arasındakı 2600 kilometrlik Durand xəttini (sərhədi) rəsmən tanımır. Bu isə mütəmadi olaraq sərhəd toqquşmalarına zəmin yaradır.

İqtisadi tərəfə gəldikdə isə Pakistanın son zamanlar ölkədəki minlərlə əfqan qaçqını deportasiya etməsi Əfqanıstandakı humanitar və iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Kabilin İslamabaddan əsas tələblərindən biri də bu prosesin dayandırılmasıdır.

Müharibənin şiddətlənməsi bölgədə vəziyyəti kəskinləşdirə bilər. Çin və Rusiya yaranmış iqtisadi qeyri-sabitlik ehtimalından narahatdırlar. Hindistan isə mövcud vəziyyətdən razı görünür; Pakistanın diqqətinin Əfqanıstana yönəlməsi Dehliyə öz strateji addımlarını daha rahat atmağa imkan verir.

Münaqişəni həll edə biləcək iki əsas vasitəçi var: Türkiyə və Qətər. Rəcəb Tayyib Ərdoğanın həm Əfqanıstanda, həm də Pakistanda nüfuzu olduqca böyükdür. Eyni zamanda Türkiyənin xarici işlər naziri Hakan Fidan da son dövrlər İslamabad və Kabillə təmasları gücləndirib. Ankara vasitəçilik missiyasını üzərinə götürərək gərginliyi azalda bilər. Digər tərəfdən, Qətərin də hər iki ölkədə ciddi təsir imkanları mövcuddur. Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani hər iki ölkəyə böyük investisiyalar yatırır və hazırda Əfqanıstanın ən sıx münasibətdə olduğu ölkə məhz Qətərdir. Ehtimal olunur ki, yaxın zamanlarda ya Doha, ya da Ankara diplomatik proseslərə müdaxilə edəcək. Bu müharibə hazırda lokal xarakter daşısa da, gələcəkdə daha böyük regional toqquşmaların başlanğıcı ola bilər”.

Atilla Rzasoy

Chosen
165
36
nocomment.az

10Sources