EN

Azərbaycanda mənzillər kəskin bahalaşa bilər - İrandakı gərginliyin təsiri

İranda baş verən hadisələr daha da gərginləşərsə və siyasi dialoq mümkün olmazsa, bu, Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin bahalaşmasına səbəb ola bilər.

Bunu Milli.Az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

O qeyd edib ki, hadisələr fonunda İrandan ölkəmizə müəyyən qədər axın ola bilər.

"Burada rəqəm o qədər də önəmli deyil. Hətta İrandan Azərbaycana min nəfər alıcı daxil olsa belə, bu, qiymətlərə təsir göstərəcək. Belə hallarda müəyyən psixoloji məqamlar da var. Xüsusən müraciətlərin artması belə bir təəssürat yarada bilər ki, artıq böyük köç başlayır. Azərbaycanın daşınmaz əmlak bazarında bir çox hallarda makroiqtisadi təsirləri psixoloji təsirlər üstələyir. Müəyyən dövr lazımdır ki, makroiqtisadi amillər qiymətləndirilsin və nəticələr təhlil edilsin. Amma psixoloji təsirlər qısamüddətli olur və Azərbaycan cəmiyyəti üçün daha xarakterikdir. Proses bir neçə gün davam edərsə, bu, Azərbaycanın daşınmaz əmlak bazarına ciddi təsir göstərə bilər".

Rieltor Orxan Kəngərli isə bildirib ki, İranda baş verən siyasi və ya hərbi gərginliklər Azərbaycanın daşınmaz əmlak bazarına birbaşa deyil, əsasən dolayı təsir göstərə bilər.

Onun sözlərinə görə, İran regionun mühüm ölkələrindən biri olduğu üçün burada yaranan qeyri-sabitlik iqtisadi əlaqələr, investisiya axınları və bazar gözləntiləri vasitəsilə Azərbaycanda da müəyyən dəyişikliklər yarada bilər.

"Regionda gərginlik artdığı halda miqrasiya və kapital axını daşınmaz əmlak bazarında tələbin yüksəlməsinə səbəb ola bilər. Coğrafi yaxınlıq və stabil iqtisadi mühit Azərbaycana, xüsusilə Bakıya marağı artıra bilər. Bu isə kirayə mənzillərə və mənzil alışına tələbin yüksəlməsi ilə nəticələnə bilər. Belə ki, kirayə qiymətləri 10-20%, mənzil satış qiymətləri isə 5-10% aralığında arta bilər", - deyə o qeyd edib.

Ayxan
Milli.Az

Chosen
2
28
milli.az

10Sources