EN

İran Yaponiya kimi etsəydi... – dünyanın 10 qüdrətli ölkəsindən biri olardı

Bu gün siyasəti az-çox bilən, dünyanı pis-yaxşı tanıyan insanların arasında sorğu keçirsək, “Hazırda dünyanın ən sülhsevər, qeyri-aqressiv, amma qüdrətli dövləti hansıdır” sualı qoysaq, əl-əlbət, çoxları Yaponiyanın adını çəkəcək.

Gerçəkdən, bu ölkə öz sülhsevərliyi, insanlarının mülayimliyi, mötədilliyi, siyasi xadimlərinin səbatlılığı, ciddiliyi, gözütoxluğu ilə tanınır. Hansısa yaponiyalı siyasətçi heç vaxt başqa dövlətin daxili işlərinə qarışmaz, kateqoruk fikir söyləməz. Xarici siyasətdə onların yeganə dərdi Kuril adalarını Rusiyadan geri almaqdır, bunu da həmişə hirs-hikkəsiz dilə gətirir, niyyətlərinə xoşluqla çatmaq istəyirlər.

Bəs II dünya müharibəsindən əvvəl necə olub?

II dünya müharibəsindən əvvəl Yaponiya Hitler Almaniyası qədər aqressiv, işğalçı, əzazil bir dövlət olub. Yapon imperatorunun rüsxəti, imperiya baş nazirinin əmri ilə Yaponiya 1939–1945-ci illərdə Şərqi və Cənub-Şərqi Asiyada, eləcə də Sakit okeanda geniş əraziləri işğal edərək "Böyük Şərqi Asiyanın birgə çiçəklənmə sahəsi" yaratmağa çalışıb. Yaponların ələ keçirdiyi əsas ölkə və ərazilər aşağıdakılardır: Çin (Mançuriya da daxil olmaqla), Koreya, Filippin, İndoneziya, Malayziya, Sinqapur, Birma (indiki Myanma), Tayland, Vyetnam, Laos, Kamboca, Honkonq və Sakit okeandakı Quam, Ueyk, Gilbert, Solomon, Yeni Qvineyanın bir hissəsi, Timor adalarından ibarət arxipelaqlar.

yap-sav.JPG

                        II dünya müharibəsində Yaponiyanın işğal etdiyi ölkələr və adalar

Hitler Almaniyasının hərbçiləri Avropada işğal etdikləri ərazilərdə hansı amansızlıq və qəddarlıqları ediblərsə, yaponlar öz tutduqları ərazilərdə onun yeddi qatını ediblər.

Bu dövlətin II dünya müharibəsi zamanı işğal etdiyi ölkələrdə öldürdüyü insanların dəqiq sayı tarixi müzakirə mövzusudur. Ancaq əksər ekspertlər yaponların 3 milyondan 10 milyona qədər hərbi və mülki insan öldürdüklərini təxmin edirlər. Bəzi hesablamalara görə, Asiyada Yaponiya işğalı (aclıq və xəstəlik daxil olmaqla) nəticəsində ölənlərin ümumi sayı 20 milyona çatır.

Təkcə Çində yaponların 7,5 milyondan çox (həm döyüş itkiləri, həm də mülki qırğınlar daxil olmaqla) insanın ölümünə bais olduqları bildirilir. Nankin qırğınında təxminən 50.000-300.000 çinli (çoxu hərbi əsir) öldürülüb. İşğal olunmuş İndoneziya, Filippin, Malayziya, Birma, Vyetnam, Laos və Kambocada da milyonlarla insanın öldürüldüyü iddia olunur. Bu xüsusda hər ölkənin öz statistikası var.

Yüz minlərlə mülki şəxsin "Ölüm yolu"nun (Birma-Tayland) tikintisində məcburən işlədərək işgəncə ilə öldürüldüyü qeyd olunur. İmperator ordusunun kimyəvi və bioloji silahlardan istifadə etdiyi və Çində "üç hər şey" siyasəti (hamını öldürmək, hamını yandırmaq, hamını talan etmək) yeritdiyi sənədlərlə sübut olunub.

20 mart 1943-cü ildən sonra Yaponiya hərbi dəniz qüvvələrinə dənizdə aparılan (və ya götürülən) bütün əsirləri edam etmək əmri verilib. Yaponiya öz hərbi aqressiyasında o qədər irəli gedib ki, hətta ABŞ-nin Pörl-Harbor aviabazasına hücum edərək, onu darmadağın edib. Bu, onun sonunun başlanğıcı olub. Məhz ABŞ 1945-ci ilin avqustunda Xirosima və Naqasakiya atom bombaları ataraq, imperiyanı sentyabrda təslim olmağa məcbur edib, Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin yapon işğalından canı qurtulub.

Ondan bəridir Yaponiya nəinki dünya ağalığına, heç region ağalığına da can atmır, başqa ölkələrin təbii resurslarından gözünü tam çəkib. Öz içinə qapanan, öz ehtiyatlarından maksimum istifadə edən Yaponiya hazırda dünyanın ən qüdrətli ölkələrindən biridir – demək olar ki, dünyanın 200 dövlətinin Yaponiyaya borcu var.

Əslində Yaponiyanın elmi-texniki tərəqqisi imkan verirdi ki, o da bir zamanlar işğal etdiyi Çin və Şimali Koreya kimi öz nüvə proqramını inkişaf etdirsin, nüvə silahı əldə etsin. Ancaq yapon siyasiləri birdəfəlik “əlvida, silah” deyiblər və qüdrətli dövlət, firavan ölkə olmağın düsturunda kütləvi qırğın silahı əldə etməyin rolu olmadığını anlayıblar.

Bu gün Yaponiya heç bir dövlətdən hərbi təhlükə gözləmir, başqa dövlətlərə qarşı da hərbi təhlükə törətdir. Yaponlar başlarını aşağı salıb öz işlərini görür, kəşflər edir, sənaye müəssisələri qurub-yaradır, dünya ilə ticarət edir, kasıb ölkələrə xeyriyyəçilik edir, dünyaya mədəniyyətin, səliqə-sahmanın, nizam-intizamın, sosial rifahın nə demək olduğunu anladırlar.

İran Yaponiya kimi etsəydi, daha böyük uğur qazanardı, çünki resursları Yaponiyaınkından qat-qat çoxdur. İranlılar dünyaya yaponlar kimi yanaşsaydılar, indi nəinki regionun, hətta dünyanın ən qüdrətli dövlətlərindən birində yaşamış olardılar. Bundan ötrü onlara nüvə silahına malik olmaq lazım deyildi və deyil. Heç bir dövlət indinin indisində də İrana hücum edə, onun torpağını işğala məruz qoya bilməz.

Əksinə, nüvə silahı avantürası İranın yedilliyini geri saldı və hələ salacaq.

Chosen
11
50
musavat.com

10Sources