EN

“İranda münaqişə uzansa, vəziyyət nəzarətdən çıxa bilər...” Kaya Kallasın MÜSAHİBƏSİ

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“İrandan Avropaya qaçın axını ilə bağlı risklər var”

ABŞ İranda rejim dəyişikliyinə nail ola bilərmi? Avropa ölkələri niyə “nüvə qalxanı” yaratmaq istəyir? Ukraynaya qarşı müharibəni bitirmək üçün Rusiyanın etməli olduğu güzəştlər barədə Aİ ölkələrinin tələbləri nə dərəcədə realdır?

Yaxın Şərqdə qlobal müharibəyə çevrilmək riski daşıyan qarşıdurmanın qızğın mərhələsində və Ukrayna ilə Rusiya arasında növbəti danışıqlar raundu ərəfəsində “Nastoyaşee Vremya” telekanalı Avropa İttifaqının baş diplomatı Kaya Kallas ilə söhbət edib.

“AzPolitika” müsahibəni qısa ixtisarla təqdim edir:

- Siz İranın ali dini lideri Əli Xameneinin ölümünü dönüş nöqtəsi və başqa bir İranın yaranmasına aparan yol kimi xarakterizə etdiniz. Aİ İrandakı müharibənin hansı nəticəsinə ümid edir: rejim dəyişikliyinə, yoxsa sadəcə İslam Respublikasının zəifləməsinə?

- Bu müharibəni biz başlamamışıq. Ona görə də müharibənin məqsədləri ilə bağlı sualı onu başlayanlara vermək lazımdır. Məqsədlər isə kifayət qədər aydın idi: İranın raket qurğuları və raket proqramı – bunlar regiondakı bütün ölkələr üçün təhlükə yaradır. Amma əlbəttə, bundan sonra nə baş verəcəyi sual olaraq qalır. Onların hədəfi Xamenei və bütün rəhbərlik idi. Əlbəttə ki, onlara yas tutan olmayacaq, çünki onlar həqiqətən də İran xalqını sıxışdırırdılar. Bundan sonra nə olacaq? Demokratik İran mümkündürmü? Bəlkə də dərhal yox. Amma repressiv rejim zəiflədilərsə, insanların belə bir imkan əldə edib-etməyəcəyi sualı açıq qalır.

- İranla münaqişənin daha da genişlənməsinin və qlobal nəticələrə gətirib çıxara biləcək böyük regional müharibəyə çevrilməsinin qarşısını almaq üçün Avropa İttifaqı nə edir?

- Biz hamını təmkinə çağırırıq. Martın 5-də Aİ ölkələrinin və Fars körfəzi dövlətlərinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Orada gərginliyi azaltmaq və atəşkəsə nail olmaq üçün daha nə edə biləcəyimizi müzakirə edəcəyik. Əgər qarşılıqlı zərbələr davam etsə və münaqişə uzansa, vəziyyət nəzarətdən çıxa bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, İran indi ətrafındakı demək olar bütün ölkələrlə qarşı-qarşıyadır və nəticədə onun çox da seçimi qalmır. Buna görə də müəyyən mərhələdə bu münaqişə bitəcək. Bundan başqa, başa düşmək lazımdır ki, İran müharibə aparanda o, əsasən öz proksi qüvvələri ilə tək mübarizə aparır. Rusiya ona dəstək vermir. Bu isə digər münaqişələrlə müqayisədə prinsipial fərqdir.

- İran müharibəsi nəticəsində qaçqın axını yarana bilərmi?

- Bəli, risklər var. Təchizat zəncirlərinin və ticarət yollarının pozulması təhlükəsi mövcuddur. Bundan başqa, miqrasiya təzyiqi də yarana bilər, çünki insanlar müharibədən qaçmağa çalışacaqlar. Buna görə də bu riskləri nəzərə almalıyıq.

- Siz Ukrayna ilə bağlı potensial sülh razılaşması çərçivəsində Rusiyadan tələb olunmalı güzəştlərin siyahısını təklif etmisiniz. Avropa paytaxtlarından buna reaksiya varmı?

- Mən bu təklifi xarici işlər nazirlərinə təqdim etmişəm və biz bunu daha ətraflı müzakirə edəcəyik. Aydındır ki, biz Ukraynanı diplomatik baxımdan da dəstəkləməliyik. Əgər Ukraynadan güzəştlər tələb olunursa, eyni qaydada Rusiya da güzəştlər etməlidir. Unutmayaq ki, burada bir təcavüzkar və bir qurban var. Əgər qurbana tələblər irəli sürülürsə, təcavüzkar tərəf də güzəştə getməlidir. Məsələn, Ukrayna ordusuna məhdudiyyətlər qoyulması müzakirə olunursa, eyni məhdudiyyətlər Rusiyaya da tətbiq edilməlidir. Bundan başqa, Avropanın təhlükəsizlik maraqları da nəzərə alınmalıdır. Biz Rusiyanın qonşu ölkələr üçün təhlükə yaratmayacağına əmin olmalıyıq. Əgər uzunmüddətli və sabit sülh istəyiriksə, təkcə sözlər kifayət etməyəcək. Biz Rusiyanın real olaraq təhlükə yaratmadığını görməliyik.

- Son xəbərlərə görə, Rusiya Ukrayna bütün Donbası verməsə, danışıqlardan çıxacağını deyir. Bu blefdir, yoxsa real ssenari?

- Rusiya danışıqlarda həmişə maksimalist tələblər irəli sürür. Onlar heç vaxt sahib olmadıqları şeyləri tələb edir, ultimatumlar verir, güc tətbiq edir və ümid edir ki, Qərbdə kimsə onlara olmayan bir şeyi təklif edəcək. Aydındır ki, Rusiyanın maksimalist tələblərinə minimal cavab vermək olmaz. Bəziləri bizim tələbləri qeyri-real adlandırır. Amma açıq danışaq: Rusiyanın tələbləri də real deyil. Məsələn, onlar son 11 ildə hərbi yolla ələ keçirə bilmədikləri bütün Donbasın verilməsini tələb edirlər.

- Ukrayna ilə bağlı danışıqlar uğursuz olarsa, planınız varmı?

- Plan çox aydındır: bir tərəfdən Ukraynanı dəstəkləmək, digər tərəfdən isə Rusiyaya təzyiq göstərmək. Biz görürük ki, Rusiyanın vəziyyəti yaxşı deyil. Onların iqtisadiyyatı problemlərlə üzləşib, vergilər artırılıb, orduda əsgər toplamaq çətinləşib. Əgər təzyiq davam etsə, elə bir məqam gələ bilər ki, təcavüzkarın müharibəni maliyyələşdirməyə pulu qalmayacaq. Sovet İttifaqının Əfqanıstan müharibəsini xatırlayın – onlar artıq onu davam etdirə bilməyəndə dayandılar.

- Zelenski bildirib ki, ABŞ müharibənin bitməsi üçün iyunu son tarix hesab edə bilər. Əgər belədirsə, Aİ ABŞ prosesdən çıxsa belə danışıqları davam etdirəcəkmi?

- Məhz buna görə deyirəm ki, bu, Avropanın öz tələblərini irəli sürə biləcəyi son fürsət ola bilər. Amma bir şeyi vurğulamaq istəyirəm. Keçən ilin fevralında Ukrayna artıq qeyd-şərtsiz atəşkəsə razılaşmışdı. Rusiya isə o vaxtdan bəri sadəcə vaxt uzadır. Ona görə də sülhə hazır olan tərəflə sülhə razılaşmayan tərəfi eyni vəziyyətdə göstərmək düzgün deyil. Əgər Rusiya bombardmanları dayandırsaydı, müharibə artıq bitmiş olardı.

- Zelenski mümkün sülh razılaşmasında Ukraynanın Aİ-yə üzvlüyü üçün konkret tarix göstərilməsini istəyir. Amma Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bunu məqsədəuyğun saymır. Burada kompromis mümkündürmü?

– Bu, Avropanın danışıqlar masasında olmasının vacibliyini göstərən yaxşı nümunədir. Çünki burada Avropaya aid konkret məsələlər var və onları məhz biz müzakirə etməliyik. Bu məsələdə qərarı nə amerikalılar, nə də ruslar verə bilər.

Ukraynanın yeri Avropadadır və Aİ-yə üzvlük ən güclü təhlükəsizlik zəmanətidir. Biz bunu açıq şəkildə deyirik. Amma bunun üçün Ukrayna da islahatlar aparmalıdır.

- Əgər Aİ ilə Rusiya arasında birbaşa dialoq olsa, Avropa İttifaqını kim təmsil etməlidir?

- Mənim üçün əsas məsələ danışıqlar masasında ruslara nə deyəcəyimizi əvvəlcədən razılaşdırmaqdır. Əsas olan kim danışacaq yox, nə danışılacağıdır.

- Siz bu rolu üzərinizə götürməyə hazırsınız?

- Bu, mənim vəzifə borclarımdan biridir. Əgər lazım olsa, bunu etməyə hazıram. Amma hələlik biz həmin mərhələdə deyilik. Əsas sual odur ki, buna nail olmaq üçün nə etməliyik.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
75
25
azpolitika.info

10Sources