EN

Tehran Azərbaycana hücum etməklə böyük strateji səhv etdi Azay Quliyev

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"20-dən çox dövlətin Bakıya dəstəyi Azərbaycanın güclü diplomatiyasının nəticəsidir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda İran tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə edilən hücum müzakirə olunub. Dövlət başçısı çıxışında bu hadisəni Azərbaycan dövlətinə və mülki obyektlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirərək rəsmi Bakının belə addımlarla barışmayacağını bildirib.

Prezident qeyd edib ki, baş verən hücum Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı ciddi təhdiddir və bununla bağlı həm diplomatik, həm də digər zəruri tədbirlər görüləcək:“İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır”. 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu hücumu qətiyyətlə pisləyir və məsul şəxslərin cəzalandırılmasını tələb edir: “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Dövlət başçısı Azərbaycanın mövqeyinin hər zaman açıq və prinsipial olduğunu da diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan heç vaxt öz ərazisindən başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib və bundan sonra da verməyəcək: “Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir”. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın bu hücuma qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini və lazımi tədbirlərin görüləcəyini bildirib. O, Silahlı Qüvvələrə müvafiq tapşırıqlar verib: “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin. Ölkənin bütün təhlükəsizlik strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib və Azərbaycanın təhlükəsizliyi təmin ediləcək”.

Qeyd edək ki, beynəlxalq ictimaiyyət İran İslam Respublikasının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumunu pisləyib.

Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmiləri İranın hücumunu qəti şəkildə qınayıb, Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana edilən pilotsuz təyyarə hücumunu pisləyib. Ankarada sənətkarlar və sahibkarlarla keçirilən iftar məclisində o, Azərbaycan dövlətinin başçısı ilə telefon söhbətindən danışıb.

“Qardaşım İlham Əliyevlə söhbətimdə Naxçıvan Muxtar Respublikasına edilən hücumdan təəssüfləndiyimi bildirdim və onu pislədim”. 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld özünün “X” sosial media hesabında iki İran dronunun Naxçıvana zərbə endirməsinin qəbuledilməz olduğunu deyib. 

Qətər, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt kimi körfəz ölkələri də Naxçıvanın İran pilotsuz uçuş aparatları ilə vurulmasını qətiyyətlə pisləyib, Azərbaycanın hədəf alınmasının düşmənçilik hərəkəti kimi dəyərləndiriblər. Ərəb dövlətləri öz bəyanatlarında İranın bu hərəkətlərini təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin açıq şəkildə pozulması, regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid kimi qiymətləndiriliblər: “İranın region ölkələrinə qarşı bu cür davranışları təkrarlaması gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi və sabitliyi təhdid edir”.

Pakistan, Litva, Moldova, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan Ukrayna, Fransa, Albaniya, Monteneqro, İtaliya, İspaniya, Misir, İsrail və digər ölkələr Naxçıvan Muxtar Respublikasında bir neçə vətəndaşın xəsarət alması ilə nəticələnən pilotsuz təyyarə hücumunu pisləyən bəyanat yayıblar. Eyni zamanda, bu hadisə qarşısında Azərbaycanla tam həmrəy olduğunu vurğulayıblar. Qeyd ediblər ki, İranın Azərbaycana hücumu Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu dövlətlər hücumu əsassız və qəbuledilməz addım kimi qiymətləndirərək, regionda sabitliyin qorunmasının və beynəlxalq hüquqa hörmətin vacibliyini vurğulayıblar. Həmçinin İranın regional deyil, qlobal təhlükə olduğunu qeyd ediblər. 

“Sherg.az” xəbər verir ki, Milli Məclisin deputatı Azay Quliyev İranın Azərbaycana qarşı qeyri-dost münasibətinin yeni olmadığını deyib. Müxtəlif mərhələlərdə bunun konkret təzahürlərinin müşahidə edildiyini xatırladan deputat qeyd edib ki, hələ İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun irəliləyişini dayandırmaq məqsədilə Cəbrayıl istiqamətində təxribat xarakterli addımlar atılmışdı:

“Lakin həmin cəhdlər uğursuz oldu və ordumuzun qələbəsinə kölgə sala bilmədi. Müharibədən sonra isə İran Zəngəzur dəhlizi məsələsi ilə bağlı mütəmadi olaraq Azərbaycana təhdid xarakterli bəyanatlar verib, Araz çayı boyunca hərbi təlimlər keçirərək açıq şəkildə güc nümayiş etdirməyə çalışıb. 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücum da İranın ölkəmizə münasibətdə qeyri-dost siyasətinin bariz nümunələrindən biridir. Bütün bu hadisələr rəsmi Tehranın Azərbaycana qarşı zaman-zaman aqressiv mövqe nümayiş etdirdiyini göstərir”.

A.Quliyev qeyd edib ki, Naxçıvana pilotsuz uçuş aparatları ilə edilən hücum isə artıq bütün sərhədləri aşan bir addımdır. Onun sözlərinə görə, müharibə başlayandan bəri Azərbaycan hökuməti regiondakı gərginlik fonunda son dərəcə təmkinli mövqe nümayiş etdirib və hətta bəzi hallarda İranın maraqlarını nəzərə alan açıqlamalar verib:

“Bütün bunlara rəğmən İranın belə bir addım atması gözlənilməz və qəbuledilməzdir. Bu baxımdan Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi mesajlar olduqca mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı bu hadisəyə qəti və sərt münasibət bildirərək hücumu terror aktı kimi qiymətləndirib, günahkarların cəzalandırılacağı barədə açıq mesaj verib və Silahlı Qüvvələrin tam hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib”.

Deputat hesab edir ki, baş verən hadisədən sonra dünya liderlərinin Prezident İlham Əliyevə telefon zəngləri etməsi və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsi xüsusi əhəmiyyət daşıyır:

“20-dən artıq dövlətin Azərbaycanla həmrəy olduğunu açıq şəkildə bəyan etməsi ölkəmizin həyata keçirdiyi uğurlu və balanslaşdırılmış xarici siyasətin nəticəsidir. İran Azərbaycana hücum etməklə ciddi strateji səhvə yol verdi və faktiki olaraq özünü çətin vəziyyətə saldı. Baş verən hadisəyə görə İranın Xarici İşlər Nazirliyi ilk növbədə rəsmi şəkildə üzr istəməli idi. Lakin məsuliyyətdən yayınmaq üçün Tehran hadisədən guya xəbərsiz olduğu iddia etməklə qeyri-ciddi mövqe nümayiş etdirdi. Bu isə bir daha göstərir ki, İranın davranışları regionda etibarlı tərəfdaşlıq prinsiplərinə uyğun deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
50
sherg.az

10Sources