“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubdan ayrıldıqdan sonra məşqçilik karyerasında fasilə verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, “Siti”dəki mərhələsi başa çatdıqdan sonra müəyyən müddət futboldan uzaqlaşacaq.
“Mən bilirəm ki, “Siti”dəki bu mərhələdən sonra dayanacağam. Bu dəqiqdir, bu artıq qərara alınıb. Bunun nə qədər davam edəcəyini bilmirəm. Bir il, iki il, üç, beş, on, hətta on beş il – bilmirəm. Amma “Siti”dən sonra mütləq dayanacağam. Mənə dayanmaq və özümə, bədənimə diqqət yetirmək lazımdır.
Katalon dilində buna “badar” deyirlər. Mən də məhz bunu etmək istəyirəm. Sadəcə dayanmaq və qatar keçərkən inəklərin baxdığı kimi baxmaq. Babam deyərdi ki, “sən mənə qatar keçəndə baxan inəklər kimi baxırsan”. Məhz buna görə dayanmaq və hər şeyin yanından keçib getdiyini izləmək lazımdır”, – deyə Qvardiola bildirib.