EN

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın prezidenti Tulia Aksonla görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.

Bu barədə Day.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bakı Forumu, tədbir çərçivəsində aparılan müzakirələrin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Spiker Sahibə Qafarova indiki gərgin regional və beynəlxalq vəziyyət fonunda Azərbaycanın sülh və dialoq naminə göstərdiyi səyləri qeyd edərək, bu çərçivədə Qlobal Bakı Forumunun beynəlxalq ictimaiyyəti narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm platforma təşkil etdiyini vurğulayıb.

Tulia Akson da Qlobal Bakı Forumunun beynəlxalq platforma kimi mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin, Azərbaycan və Ermənistan arasında sülh prosesində Prezident İlham Əliyevin oynadığı mühüm rolu və təşəbbüslərini yüksək qiymətləndirərək, bunun dövlətlər arasında problemlərin həlli üçün bir model olduğunu bildirib.

Söhbət zamanı beynəlxalq əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Azərbaycan Milli Məclisinin Parlamentlərarası İttifaq çərçivəsində fəal təmsilçiliyindən, bu beynəlxalq təşkilatla Azərbaycan parlamenti arasında əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunub. Həmçinin, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında da əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Chosen
13
15
day.az

10Sources