"Rasim Balayevin ölümü mənim şəxsi faciəmdir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Xalq artisti Rasim Balayevlə vida mərasimində Baku TV-yə açıqlaması zamanı deyib.
"Biz uzun illər dostluq etmişik, qardaş kimi olmuşuq, bir yerdə çalışmışıq, səfərlərə çıxmışıq. Həmişə işə gedəndə ilk onunla görüşərdim. Sabah iş başlayır, indi kiminlə görüşəcəyəm?!" - deyə o bildirib.
Şair mərhum sənətkarla son birgə səfərlərindən də danışıb.
Onun sözlərinə görə, sonuncu dəfə Rasim Balayevi böyük təkidlə Laçına aparıb:
"Getmək istəmirdi, son zamanlar çox pessimist idi. Amma Laçına çatanda tamam dəyişdi, yenə deyib-gülən, hamını güldürən Rasim oldu".
Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.