“Hörmüz boğazının daha bir ay müddətinə faktiki olaraq blokadaya alınması Brent markalı neftin qiymətlərini bir barel üçün 150 dollara qədər yüksəldə bilər”.
Bu fikri Amerikanın "JP Morgan" bankının baş iqtisadçısı Bryus Kasman "The Times" qəzetinə bildirib. Onun sözlərinə görə, "Kanalın daha bir ay bağlı qalması ssenarisi neftin qiymətlərinin bir barel üçün 150 dollara qədər yüksəlməsinə və sənaye istehlakçıları üçün elektrik enerjisi təchizatında çətinliklərə səbəb ola bilər".
Qeyd edək ki, martın 30-da Londonun ICE birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 19 mart 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 115 dolları keçsə də, daha sonra bir barel üçün 112,78 dollara düşüb.
Neftin qiymətləri bir barel üçün 150 dollara qədər yüksələcəyi təqdirdə Azərbaycan büdcəsi nə qədər qazanacaq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, burada qiymətin hansı həddə olması, hansı həddə qədər bahalaşması ilə yanaşı eyni zamanda qiymətin müvafiq həddə nə qədər müddət davam etməsi məsələsi də vacib təsiredici amildir:
![]()
“Azərbaycan gün ərzində təxminən 450-500 min barel neft ixrac edir. Neftin qiymətinin 1 dollar bahalaşması ölkənin idxal gəlirlərinin gün ərzində 450-500 min dollar artmasına, aylıq isə 1,5 milyon dollar artmasına gətirib çıxarır.
Əgər neft 150 dollara qədər bahalaşarsa, təbii ki, bir gün bu həddə olarsa, ölkənin idxal gəlirləri 310,5 milyon dollar, əgər bu 1 ay davam edərsə, 1 milyarddan artıq əlavə idxal gəliri formalaşa bilər. Əgər bu proses 1 il davam edərsə, Azərbaycan üçün neftin ixracından 11-13 milyard dollar əlavə idxal gəliri formalaşa bilər”.
Ekspertin sözlərinə görə, məsələyə büdcəyə təsir asbektindən baxanda, büdcədə neftin təsiri qısa və uzunmüddətli dövr üzrə nəzərdən keçirilə bilər:
“Qısamüddətli dövr üzrə neftin büdcəyə təsiri birbaşa olaraq neft sektorundan toplanan vergilər hesabınadır. Əgər Azərbaycan nefti 1 ay müddətinə 150 dollara satılarsa, birbaşa olaraq təxminən 283 milyon manat aylıq gəlir artımı müşahidə oluna bilər. İllik isə bu, təxminən 3,4 miyard manata qədər ola bilər”.
Ekspert bildirib ki, bu, kifayət qədər mürəkkəb məsələdir:
“Burada aydın olan bir məqam var. Birincisi, qiymət həddinin nə qədər müddət davam edəcəyidir. İkincisi, neft bahalaşırsa, Azərbaycanın həm idxal gəlirləri, həm dövlət büdcəsinin gəlirləri artır. Strateji valyuta ehtiyatlarının artması istiqamətində daha əlverişli konyuktur formalaşır.
Tədiyyə balansının profisiti güclənir. Manatın məzənnəsinin mövcud sabit səviyyəsinin dollara münasibətdə qorunması siyasətinin davam etdirilməsi üçün əlavə imkanlar formalaşır. Hazırkı konyuktur kifayət qədər mürəkkəbdir. Burada birmənalı şəkildə kifayət qədər müsbət təsirlərdən və neqativ təsirlərdən də danışmaq olar.
Ciddi inflyasiya baş verəcək. Azərbaycan bu inflyasiyanı idxal edəcək və 10 milyon vətəndaş bunun təsiri altında qalacaq. Müharibə zonası olduğu üçün hərbi xərcləri artırmalı olacaq. Bu istiqamətdə məsələ kifayət qədər mürəkkəbdir”.