EN

Putin və Paşinyanın son DÖYÜŞÜ

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aprelin 1-də Rusiyaya rəsmi səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanın Irezident Vladimir Putinlə sərt dialoqu siyasi gündəmin əsas mövzularından birinə çevrilib. 

Rusiya və Ermənistan liderləri görüş zamanı bir-birinin fikirlərini nəinki qəbul etmədilər, hətta qarşı tərəfə xəbərdarlıq və təhdid xarakterli mesajlar verdilər. 

Nikol Paşinyanın Rusiya Prezidentinin bütün xahiş və tələblərinə verdiyi cavablar “Demokratik dövlətin daxili işlərinə qarışmayın”, “Mən sizin diqtənizlə etmirəm” anlamına gəlirdi. 

“Demokratiya” ifadəsinə heç vaxt inanmayan və hamıdan çox nifrət edən Putinə Ermənistanda demokratiyanın inkişafından danışmaq sanki ona barmaq silkələməyə  bərabər idi. Paşinyanın psixoloji basqısı qarşısında Putinin reaksiyasını görüşdən yayılmış foto və videomateriallardan da görmək mümkündür. 

Bəlkə də Paşinyanın Rusiya Pezidentinin qarşısında müstəqil, bərabərhüquqlu tərəf kimi danışdığı anlarda Putin daha çox zərbəyə zərbə ilə cavab vermək barədə düşünürdü. Əslində, bu, Paşinyan Putini özündən çıxartdığı birinci hal deyil. 

Hələ 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyan az sonra Rusiya Prezidenti ilə görüşündə ona “Siz müstəqil dövlətin daxili işlərinə qarışırsınız” demişdi. 

Rusiyanın forpostu olan bir ölkənin rəhbərindən bu sözü eşitmək Putin üçün gözlənilməz və ağır şillə idi. Ona görə də rəsmi Moskva Paşinyanı devirmək üçün zaman-zaman müxtəlif siyasi ssenarilər işə saldı, Azərbaycanla müharibədə Ermənistanı dəstəkləmədi. 

Paşinyanın Rusiyaya son səfəri zamanı iyun ayının 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Kremllə ortaq təmas nöqtələrinin tapılmasına  çalışacağı güman edilirdi. Lakin bu, müzakirələrdən daha çox açıq mübahisəyə çevrildi. 

Nəticə etibarı ilə hər iki tərəf görüşdən əliboş ayrılıb. Nə Paşinyan Rusiyadan istədiyi dəstəyi, ən azı seçkilərdə müxalifətin xeyrinə müdaxilə etməmək barədə zəmanəti ala bildi, nə də Putin Kremlin Cənubi Qafqazdakı geosiyasi maraqları baxımından ciddi önəm daşıyan şərtlərini  Ermənistanın Baş nazirinə qəbul etdirdi. 

“Hraparak” nəşri qarşılıqlı şəkildə psixoloji təzyiq təsiri bağışlayan Putin-Paşinyan görüşünü özünəməxsus tərzdə şərh edib: 

“Əgər Vladimir Putin 2021-ci il seçkilərindən beş gün əvvəl Paşinyanla görüşü zamanı onu xain damğasından təmizləməyə çalışaraq bəlkə də yenidən seçildikdən sonra Paşinyanın Cənubi Qafqazda gözlənilən tərəfdaş olacağına ümid edirdisə, ötəngünkü görüş Moskvanın da Paşinyanın “göz yaşları"na, Şimalla Qərb arasında geosiyasi gərginliyə etibar etmədiyini və Ermənistan liderinə aydın seçim təqdim etdiyini açıq şəkildə göstərmiş oldu”.

Beləliklə, qisasçıl xarakteri ilə tanınan Prezident Putinlə Nikol Paşinyan arasında bir müddətdir əriməkdə olan “buzlar” yenidən bərkiməyə başlayıb. Çox güman ki, Putin Paşinyanın Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanda ABŞ ilə ortaq nəqliyyat-tranzit layihəsini həyata keçirməsinə, eyni zamanda Aİİ-nin üzvü olduğu halda Avropa İttifaqına daxil olmaq istəyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq səylərinə, Rusiya Prezidentinin “dostum” dediyi Samvel Karapetyanı həbs etdirib seçkilərə buraxmamasına göz yummaq fikrində deyil. 

Putin açıq şəkildə Paşinyanı Ermənistana satılan təbii qazın qiymətini artırmaqla hədələyir. Kreml rəhbəri bildirib ki, dünya bazarında təbii qazın satış qiyməti 600 dollara qalxdığı halda, Rusiya “mavi yanacağı”n 1000 kubmetrini Ermənistana 177,5 dollara satır. Bununla da Putin Paşinyana Rusiyanın maraqlarına zidd getməyə davam edərsə, Ermənistana satılan qazın qiymətini dünya bazarındakı səviyyəyə çatdıracağı ilə hədələyib. 

Hətta Rusiya Ermənistana ixrac etdiyi təbii qazı dünya bazarındakı qiymətin yarısı qədər, yəni 300 dollara və ya 1,7 dəfəyə yaxın qaldırsa, bu, rəsmi İrəvan üçün ciddi problemlər yarada bilər. 

Çünki Ermənistanın əsas “mavi yanacaq” mənbəyi Rusiyadır, bunu əvəz edəcək alternativlər isə demək olar ki, yoxdur. Paşinyanın Putinlə mübahisəli görüşü göstərdi ki, Kreml seçkilərdə Baş naziri devirmək və Samvel Karapetyanı hakimiyyətə gətirmək niyyətindədir. 

Rusiya Prezidentinin Paşinyandan Karapetyanı azadlığa buraxmaq və seçkilərdə iştirakına şərait yaratmağı xahiş etməsi Moskvanın iyun ayında, yəni seçkilərdə “Ermənistan plan”ını həyata keçirmək niyyətindən xəbər verir. Lakin Paşinyanın Rusiyaya müqaviməti Putini daha təhlükəli vasitələrə əl atmağa vadar edə bilər. 

Bu baxımdan, Rusiya Prezidentinin “Seçkiqabağı dövrdə siyasi gərginlik təbiidir. Lakin bu, ikitərəfli münasibətlərə təsir etməməlidir”deməsi əslində Ermənistanın Baş nazirinə xəbərdarlıq kimi başa düşülə bilər. 

Yəni seçkilərdə Rusiyanın şərtləri yerinə yetirilməsə, vəziyyət Ermənistan üçün yaxşı olmayacaq. Politoloqun sözlərinə görə, Moskvanın Ermənistanda edilənlərin Rusiyaya qarşı olmadığına dair zəmanətlərə artıq inanmadığı göz qabağındadır və bu kifayət qədər açıq və sərt söhbət bunun sübutudur. 

Qeyd edilən kontekstdə politoloq Qriqor Balasanyanın açıqlaması diqqəti cəlb edir.

“Məndə belə bir təəssürat yaranır ki, bu, Putinlə Paşinyanın son görüşü ola bilər. Çünki kim bir-biri haqqında nəyi düşünürdüsə, onu dedi. Dplomatiyanı kənara qoydu və tərəddüd etmədən, diplomatik hiyləgərlik etmədən dedi”, - Balasanyan şərh edib.

Müşfiq Abdulla

“Cebheinfo.az”

 

Açar sözlər:

Putin Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
50
cebheinfo.az

10Sources