ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
4 Aprel - Mina Təhlükəsi və Minatəmizləmə Fəaliyyətinə Dəstək üzrə Beynəlxalq Günüdür.
Oxu.Az xatırladır ki, 2005-ci il dekabrın 8-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bu günün elan olunması haqqında qətnamə qəbul edib.
Bu təşəbbüsün əsas qayəsi münaqişələrdən sonra ərazilərin minalardan təmizlənməsi prosesini sürətləndirmək, zərərçəkmiş insanlara yardım etmək və beynəlxalq ictimaiyyətin bu sahədə səylərini birləşdirməkdir. Minalar, müharibə bitsə də, illər boyu torpağın altında qalaraq günahsız insanların həyatına son qoymaqda davam edir.
Artıq 20 ildən çoxdur ki, BMT-nin Minatəmizləmə Xidməti mülki şəxslər, sülhməramlılar və humanitar işçilər də daxil olmaqla, partlayıcı qurğulardan zərər çəkmiş insanların ehtiyacları ilə bağlı məsələlərə reaksiya verir.
BMT-nin Minatəmizləmə Xidməti təşkilatın missiyalarının yerləşdirilməsini asanlaşdırmaqla, humanitar yardım çatdırmaqla, mülki insanları qorumaqla, məcburi köçkünlərin və qaçqınların könüllü qayıtmasını dəstəkləməklə insanların həyatını xilas edir. Xidmətin əməkdaşları beynəlxalq humanitar hüququn və insan hüquqlarının təşviqinə yönəlmiş icmaların yenidən qurulması fəaliyyətlərində və kampaniyalarda iştirak edirlər.

1997-ci ildən "Piyada əleyhinə minaların istifadəsi, ehtiyatı, istehsalı və təhvilinin qadağan edilməsi və onların məhvi haqqında" Konvensiyanın imzalanmaya açıldığı vaxtdan bəri 160-dan artıq ölkə onu ratifikasiya edib və ya bu sənədə qoşulub. Bu misligörünməmiş koalisiyanın məlumat kampaniyası piyada əleyhinə minaların mülki şəxslərə təsiri barədə ictimaiyyətin məlumatlılığını artırıb və ümumi qadağan olunma tədbirləri üçün qlobal dəstəyi səfərbər edib.
Piyada əleyhinə minaların qadağan edilməsi üzrə sənədin 6-cı maddəsi Konvensiyaya üzv olan dövlətləri mina qurbanlarına qulluq, reabilitasiya və sosial və iqtisadi reinteqrasiyanı təmin etmək öhdəliyi qoyan "qurbanlara yardımı" nəzərdə tutur. Orada bildirilir ki, bu yardım minadan zərər çəkmiş insanların, onların ailələrinin, icmalarının, habelə əlillərin təcili və uzunmüddətli ehtiyaclarını ödəməyə yönəldilməlidir.
"Əlillərin hüquqları haqqında" Konvensiya və onun Fakültətiv Protokolu 2006-cı il dekabrın 13-də BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında qəbul edilib və 2007-ci il martın 30-da imzalanmaq üçün açılıb. Minaların qadağan edilməsi üzrə Konvensiyaya istinad edən bu sənəd əlilliyi olan bütün insanlara şamil edilir.
Azərbaycan da mina təhlükəsindən ən ağır şəkildə əziyyət çəkən ölkələrdəndir. O, mina və müharibənin digər partlayıcı qalıqları ilə ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11 667 kvadrat kilometr sahə mina və digər partlayıcı qalıqları ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir. Həmin ərazilərdə təxminən 1 milyondan çox minanın mövcud olduğu bildirilir.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərində 261 551 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində xəsarət alan və yaxud həlak olan şəxslərin statistikası aparılır. Belə ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il aprelin 3-dək 421 nəfər mina qurbanı olub. Onlardan 72-si həlak olub, 349-u müxtəlif dərəcəli xəsarət alıb. Son 30 ildə isə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfərdir. Onların 362-si uşaq, 38-i qadındır.

Azərbaycan hökuməti minə qurbanlarını daim diqqət mərkəzində saxlayır. Belə ki, Prezident İlham Əliyevin 31 mart 2026-cı il Fərmanına əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib.
Bundan başqa, "Təhsil haqqında" Qanuna da dəyişiklik edilir. Belə ki, qanuna dəyişiklik təsdiq olunarsa, minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.