EN

Azərbaycan 5 ildən çoxdur mina problemi ilə təkbaşına mübarizə aparır...



Akif Nağı: “Beynəlxalq təşkilatlar Azərbaycana həm ciddi maliyyə ayırmalı, həm də mina ilə mübarizə mütəxəssislərini prosesə cəlb etməlidir”

BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, hər il aprel ayının 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur. Azərbaycan Respublikası Ermənistanın otuz il davam etmiş hərbi işğalı nəticəsində ərazilərinin mina və partlamamış hərbi sursatlarla çirklənməsi kimi ciddi problemlə üz-üzədir. Rəsmi məlumata görə, Ermənistan 1.5 milyon mina və ondan az sayda olmayan partlamamış hərbi sursatlarla Azərbaycan ərazisinin 13%-dən çoxunu çirkləndirib. Bu problem mülki əhali üçün ciddi təhlükə yaradır, sosial-iqtisadi inkişafa, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına ciddi əngəl törədir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi irimiqyaslı dağıntılar və mina probleminin aradan qaldırılması külli miqdarda vəsait tələb edir.

Eyni zamanda, geniş mina çirklənməsi kənd təsərrüfatı fəaliyyətinin bərpasını çətinləşdirir, torpaq resurslarından səmərəli istifadəni məhdudlaşdırır və regionun iqtisadi potensialının reallaşdırılmasını ləngidir. Bu amillər təhlükəsizlik məsələsini yalnız humanitar problem deyil, həm də strateji inkişaf çağırışı kimi aktuallaşdırır. Bir çox qəbiristanlıqların minalanmış ərazilərdə yerləşməsi isə humanitar baxımdan əlavə risk yaradır. Bu hallar insanların gündəlik həyat fəaliyyətinə, ənənəvi təsərrüfat və məişət vərdişlərinə birbaşa təsir göstərir. Nəticədə, minaların yaratdığı təhlükə təkcə fiziki təhlükəsizliklə məhdudlaşmır, həm də normal həyat ritminin bərpasını ləngidən mühüm amilə çevrilir.

Rəsmi məlumata görə, Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan təmizləmə əməliyyatları minaların yaratdığı təhlükənin miqyasını aydın şəkildə göstərir. Təkcə qəbiristanlıq əraziləri üzrə təqdim edilən təmizləmə layihələrində 761 min 713 kvadratmetr sahə minalardan təmizlənib, bu proses zamanı 6 ədəd partlamamış sursat, 36 piyadaəleyhinə mina və 87 tankəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu fakt minaların mülki həyatın ən həssas sahələrinə qədər yayıldığını göstərir. Eyni zamanda, bu cür ərazilərin təmizlənməsi insanların sosial-mədəni həyata qayıdışı baxımından xüsusi əhəmiyyət daşıyır. Qəbiristanlıqların təhlükəsiz hala gətirilməsi cəmiyyətin ənənəvi dəyərlərinin bərpasına və psixoloji rahatlığın təmin olunmasına xidmət edir.

1991-ci ildən bu günədək 3500-dən çox mina qurbanı olub ki, onlardan 362 nəfəri azyaşlı və ya gənc, 38 nəfəri isə qadın olub.

Bildiyimiz kimi Azərbaycan dövləti bu məsələ ilə beş ildir ki, təkbaşına mübarizə aparır. Minatəmizləmə uzunmüddətli və yüksək maliyyə tələb edən proses olduğu üçün onun yalnız Azərbaycan dövlətinin maliyyəsi və digər resursları hesabına reallaşdırmaq çox çətindir. Buna görə də, beynəlxalq maliyyə və texniki dəstəyin vacibliyini bir daha zəruri edir. Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi minatəmizləmə proseslərinin sürətlənməsinə, əməliyyatların təhlükəsizliyinin artırılmasına və risklərin azaldılmasına mühüm töhfə verə bilər. Bu vaxta qədər Avropa İttifaqı ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Kanada, Fransa, Xorvatiya, Almaniya, Macarıstan, Belçika, Yaponiya və Çin ölkəmizdəki humanitar minatəmizləmə fəaliyyətinə dəstək göstəriblər. Həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnkişaf Proqramı (UNDP), Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), UNICEF və digər təşkilatlar da bu işdə ölkəmizə müəyyən qədər töhfə veriblər. Bununla belə problemin tam aradan qaldırılması üçün Azərbaycanın daha ciddi beynəlxalq dəstəyə ehtiyacı var.

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, ərazilərimizin minalardan təmizlənməsi məsələsi çox vacibdir və üzləşdiyimiz bu problem Azərbaycan üçün ciddi narahatlıqlar yaradır. Problemin həlli istiqamətində beynəlxalq aləmdən ciddi texniki və maliyyə dəstəyi verilməsinin zəruri olduğunu deyən A.Nağı vurğuladı ki, bütün dünya Azərbaycan insanı üçün minaların nə qədər böyük faciələr yaratdığını bilməlidir: “Biz vaxtaşırı olaraq minaya düşüb ya həlak olan, ya da sağlamlıqlarını itirən vətəndaşlarımız barədə çox eşidirik. Hətta ANAMA-nın öz əməkdaşları da minaya düşüb. Bizim torpaqlarımıza, kəndlərimizə, qəbiristanlıqlarımıza, başqa yerlərə bu minaları kütləvi şəkildə Ermənistan basdırıb. Son dövrlər Azərbaycandan Ermənistana yüklər daşınır, ölkəmiz humanist yanaşalar sərgiləyir, iqtisadi əlaqələrin qurulmasında maraqlıdır, müvafiq addımlar atır. Azərbaycanın bu humanist davranışlarının qarşılığında Ermənistan illərdən bəri etməyə borclu olduğu işi etmir, mina xəritələrini bizə vermir. Ermənistan xəritələrin verilməsi ilə bağlı addımlar atmalı, rəsmi və qeyri-rəsmi məlumatları bizə ötürməlidir. Bildirməlidirlər ki, hansı ərazilərdə daha çox mina basdırılıb. Təsəvvür edin ki, Ermənistan heç nə etmək istəmir.

Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlar qarşısında bir daha məsələ qaldırmalıdır. Ermənistanla müəyyən münasibətlər var, sülh prosesi gedir. Bütün bunların fonunda beynəlxalq qurumlar Ermənistana təzyiq edilməlidir. Belə düşünürəm ki, yalnız Azərbaycan üçün deyil, bütün bölgə üçün ciddi təhdid yaradan minalarla mübarizə istiqamətində beynəlxalq təşkilatların təşəbbüsü, Azərbaycan və Ermənistan mütəxəssislərinin iştirakı ilə bir toplantı keçirilə bilər. Bu çox vacibdir. Mümkün addımlardan biri də budur ki, beynəlxalq təşkulatların vasitəçiliyi ilə Ermənistan və Azərbaycan mütəxəssisləri, o sahə ilə məşğul olan dövlət qurumları, vətəndaş cəmiyyəti institutları arasında bir görüş keçirilsin və məlumat mübadiləsi aparılsın, bu problemdən çıxış yolunu özündə ehtiva edən bir sənəd, yol xəritəsi hazırlansın”.

A.Nağı hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir və Ermənistan ərazilərimizin minalardan təmizlənməsi üçün öz dəstəyini əsirgəməməlidir. “Ermənistanın əlində nə məlumat varsa hamısını qeyd-şərtsiz Azərbaycana təhvil verməlidir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Təəssüf ki, Ermənistan hələ də öz məsuliyyətini başa düşmür.

Ərazilərimizin mina problemindən xilas olunması üçün Azərbaycanın və Ermənistanın təşəbbüsü ilə beynəlxalq missiya yaradılmalıdır. Həm beynəlxalq mütəxəssislər prosesə cəlb edilməli, həm də beynəlxalıq təşkilatlar, beynəlxalq fondlar bu sahəyə maliyyə ayırmalıdırlar, texniki dəstək verməlidir. Çünki bu onların borcudur. Mina məsələsi təkcə Azərbaycanın problemi deyil, Ermənistanın bu cinayətlərinə ABŞ başda olmaqla dünya dövlətləri göz yumdu, nəticədə də ortaya böyük problem çıxdı. Beynəlxalq təşkilatlar Azərbaycana həm ciddi maliyyə ayırmalı, həm də mina ilə mübarizə mütəxəssislərini prosesə cəlb etməlidir ki, bu problem aradan qalxsın”-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA

Chosen
21
3
baki-xeber.com

10Sources