GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Polşanın Baş naziri Donald Task Avropa İttifaqının (Aİ) Ukraynaya ayrılan yardımına Macarıstanın veto qoymasını X sosial şəbəkə hesabındakı paylaşımında tənqid edib.
Macarıstanın Baş naziri Viktor Orban Tuskun paylaşımına cavab olaraq Avropanın tarixində ən ciddi iqtisadi böhranlardan birinə yaxınlaşdığını yazıb. Orban bölgənin enerji böhranı təhlükəsi ilə üz-üzə qaldığını, yeganə çıxış yolunun Rusiya energetikasına qarşı tətbiq edilən sanksiyaların ləğvi olduğunu bildirib.
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Viktor Orbanın yanaşmalarında müəyyən həqiqət payı var və bu, mövcud geosiyasi reallıqlarla da qismən üst-üstə düşür.
“Hazırda dünyanın iki əsas güc mərkəzi – ABŞ və Rusiya arasında ciddi qarşıdurma mərhələsi yaşanır. Rusiyanın Ukraynada apardığı müharibə və digər tərəfdən ABŞ-ın Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan gərginlik fonunda aktiv iştirakı qlobal riskləri daha da artırır. Bu proseslərin uzanması hər iki gücün “bataqlıq sindromu” ilə üz-üzə qalması ehtimalını gündəmə gətirir.
Belə bir ssenaridə həm ABŞ-ın, həm də Rusiyanın düşdükləri bataqlıqda qalması ehtimalı dünya nizamında ciddi silkələnmələr yarada bilər. Bunun isə yalnız regional deyil, qlobal miqyasda iqtisadi və siyasi böhranlara yol açması mümkündür.
Digər diqqətçəkən məqam isə NATO daxilində artan fikir ayrılıqlarıdır. Son dövrlərdə ABŞ Prezidenti Donald Trampın müttəfiqlərini sərt şəkildə tənqid etməsi, alyansla bağlı radikal açıqlamalar verməsi və xüsusilə Böyük Britaniya kimi əsas tərəfdaşları hədəfə alması münasibətlərdə çatların dərinləşdiyini göstərir.
Cavanşir Abbaslı
Siyasi şərhçi bildirib ki, bu kontekstdə Viktor Orbanın açıqlamaları daha fərqli məna kəsb edir:
“Doğrudur, o, uzun müddətdir Rusiyaya münasibətdə daha yumşaq xətt yürüdən siyasətçi kimi tanınır. Bu yanaşma tez-tez “Kremlə yaxın siyasət” kimi də qiymətləndirilir. Lakin onun mövqeyi yalnız xarici siyasətlə deyil, daxili siyasi hesablamalarla da bağlıdır.
Macarıstanda yaxınlaşan seçkilər fonunda Viktor Orbanın Rusiya lideri Vladimir Putinin adını çəkməsi, Moskvaya qarşı sanksiyaların yumşaldılması ideyasını gündəmə gətirməsi daxili auditoriyaya hesablanmış strateji addım kimi də qiymətləndirilə bilər. Bu, seçici dəstəyini qorumağa yönəlmiş siyasi manevr təsiri bağışlayır.
Ancaq bütün bunlarla yanaşı, Avropanın gələcəyi ilə bağlı narahatlıqlar təkcə Viktor Orban tərəfindən səsləndirilmir. Qitənin bir sıra aparıcı liderləri də xəbərdarlıq edirlər ki, proseslər bu istiqamətdə davam edərsə, Avropa ciddi iqtisadi və siyasi böhranla üzləşə bilər”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.