ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ ilə NATO arasında fikir ayrılıqlarının dərinləşməsi onun Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyasını irəli sürməsindən sonra başlayıb...
Poliqon xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Əslində hər şey Qrenlandiyadan başladı. Biz Qrenlandiyanı istəyirik. Onlar isə onu bizə vermək istəmirlər. Mən də dedim: "Sağ olun, hələlik", deyə Tramp mətbuat konfransında bildirib.
Nəşr qeyd edir ki, ABŞ prezidentinin bu açıqlaması NATO-nun baş katibi Mark Rüttenin bu həftə Ağ evə planlaşdırılan səfəri ərəfəsində səsləndirilib. Məlumata görə, Tramp həmçinin bir sıra NATO üzvlərini İranla münaqişədə ABŞ-a dəstək vermədiklərinə görə sərt tənqid edib. O, bəzi ölkələrin ABŞ hərbi qüvvələri üçün hava məkanını və ya hərbi bazalarını bağladığını vurğulayıb.
"NATO kağız pələngdir. Görünür, bizə onlar lazım deyil, çünki heç bir kömək etmədilər", deyə Ağ ev rəhbəri bildirib.
Nəşr qeyd edir ki, Tramp ABŞ-ın alyans daxilində faktiki lider mövqeyini itirməsi ehtimalına xüsusi əhəmiyyət vermir.
Tramp əlavə edib ki, ABŞ-ın müttəfiqləri də kifayət qədər dəstək göstərməyib: "Cənubi Koreya bizə kömək etmədi. Avstraliya bizə kömək etmədi. Yaponiya bizə kömək etmədi. Halbuki biz Kim Çen In təhlükəsinə qarşı onları qorumaq üçün Yaponiyada 50 min, Cənubi Koreyada isə 45 min hərbçi saxlayırıq".
Poliqon.info