EN

Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır

2020-ci ilin payızı Azərbaycan tarixində təkcə hərbi qələbə ilə deyil, həm də milli qürurun, ədalətin və beynəlxalq hüququn bərpası ilə yadda qaldı. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək uzun illər davam edən münaqişəyə son qoydu. Qazanılmış böyük qələbə hər bir regionda yeni geosiyasi reallıqlar formalaşdırdı, sülh və əməkdaşlıq üçün real zəmin yaratdı.

Məhz qazanılan bu böyük hərbi Zəfərdən sonra Azərbaycan regionda sülh təşəbbüslərinin əsas müəllifinə çevrildi. Rəsmi Bakı dəfələrlə bəyan etdi ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və indi əsas məqsəd dayanıqlı sülhün təmin olunmasıdır. Bu yanaşma bir daha göstərdi ki, ölkəmiz yalnız müharibə aparan deyil, həm də sülh quran dövlətdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə ilk səfərləri isə yeni dövrün ideoloji və siyasi manifestinə çevrildi. Onun səsləndirdiyi "Biz bu torpaqlara həyat qaytaracağıq" fikri artıq bir reallıqdır. Həmin səfərlər zamanı verilən mesajlar yalnız Azərbaycanın deyil, bütün regionun gələcəyinə hesablanmış strateji baxışın ifadəsi idi.

Bu gün Qarabağ nəhəng tikinti meydançasını xatırladır. Qısa müddət ərzində sıfırdan qurulan yollar, körpülər, kommunikasiya xətləri regionun simasını tamamilə dəyişib. Müasir avtomobil yolları Qarabağı və Şərqi Zəngəzuru Azərbaycanın digər bölgələri ilə birləşdirərək həm iqtisadi, həm də sosial inteqrasiyanı sürətləndirir. 

Qarabağın beynəlxalq nəqliyyat xəritəsində yerini möhkəmləndirən mühüm layihələrdən biri də yeni hava limanlarının tikintisidir. Füzuli, Zəngilan, Laçın beynəlxalq hava limanları qısa müddətdə inşa edilərək istifadəyə verildi. Bu hava qapıları Qarabağın və Şərqi Zəngəzurun dünyaya açılan pəncərələridir və regionun iqtisadi potensialını artıran strateji layihələr kimi xüsusi əhəmiyyət daşıyır.

Quruculuq prosesinin ən parlaq nümunələrindən biri Ağalı kəndidir. "Ağıllı kənd" konsepsiyası əsasında qurulan bu yaşayış məntəqəsi müasir texnologiyalar, alternativ enerji mənbələri və dayanıqlı inkişaf prinsipləri üzərində formalaşdırılıb. Burada yaradılan yeni iş yerləri və sosial infrastruktur Böyük qayıdışın uğurlu modelinə çevrildi. "Böyük qayıdış" proqramının ilk və ən uğurlu nümunəsi olan Ağalı kəndi qısa müddət ərzində sıfırdan qurularaq müasir yaşayış məntəqəsinə çevrildi. Birinci mərhələdə kənddə 200-dən artıq fərdi yaşayış evi inşa olunaraq keçmiş məcburi köçkünlərin istifadəsinə verildi. Bu evlər ən son texnologiyalar əsasında -"ağıllı ev" sistemləri, alternativ enerji mənbələri və müasir kommunikasiya infrastrukturu ilə təmin edildi. Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, xidmət və ictimai iaşə obyektləri yaradıldı. Dövlət tərəfindən sakinlərin məşğulluğunun təmini məqsədilə müxtəlif sahələrdə - kənd təsərrüfatı, xidmət sektoru və kiçik sahibkarlıq istiqamətində real imkanlar açıldı. Bu gün Ağalı sakinləri artıq uzun illərin məcburi köçkün həyatından sonra doğma torpaqlarında azad yaşayır, potensiallarını reallaşdırır və dövlətin yaratdığı şəraitdən istifadə edərək iqtisadi fəaliyyətə qoşulurlar.

Ağalıda həyatın bərpasının ən rəmzi və təsirli anlarından biri isə uzun illərdən sonra ilk məktəb zənginin çalınması oldu. Bu zəng, sadəcə, dərsin başlanğıcını deyil, bütövlükdə bir xalqın doğma torpaqlara qayıdışını, gələcəyə inamını və həyatın yenidən dirçəlişini ifadə edirdi. O həmçinin illərlə susdurulmuş torpaqlarda yenidən uşaq səslərinin eşidiləcəyinin, təhsilin, inkişafın və davamlı həyatın bərqərar olacağının simvolu idi. Ağalı "ağıllı kənd" modeli isə artıq təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün innovativ inkişaf nümunəsi kimi qiymətləndirilir. Məktəbdə tətbiq olunan texnologiyalar, dayanıqlı yaşayış prinsipləri və sosial-iqtisadi yanaşma gələcəkdə digər yaşayış məntəqələri üçün də örnək rolunu oynayır. Qürurla deyə bilərik ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına sürətli dönüşü bir reallıqdır.

Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Ağdam, Cəbrayıl, Xocəvənd, Kəlbəcər şəhərləri yenidən həyata qayıdır. Bu torpaqlara qayıdan insanların sevinc göz yaşlarını Azərbaycanın ən böyük mənəvi qələbəsinin rəmzi hesab etmək olar. Bu məqamda  xüsusi olaraq Laçın şəhərinin bir güllə atılmadan, diplomatik yolla qaytarılması müasir tariximizin ən mühüm siyasi nailiyyətlərindən biri olduğunu qeyd etməliyik. Bu hadisə təkcə hərbi qələbənin davamı deyildi, eyni zamanda Azərbaycanın düşünülmüş, praqmatik və uzaqgörən siyasətinin nəticəsi idi. Məhz Prezident İlham Əliyevin qətiyyəti, prinsipial mövqeyi və ardıcıl diplomatik xətti sayəsində Laçın rayonu 2022-ci ilin avqustunda tam şəkildə Azərbaycanın nəzarətinə qaytarıldı. Bu onun  göstəricisi idi ki, ölkəmiz yalnız döyüş meydanında deyil, siyasi-diplomatik müstəvidə də öz maraqlarını qətiyyətlə təmin edən dövlətdir. Müzəffər Ali Baş Komandanın Laçına ilk səfəri isə bu tarixi qayıdışın rəmzi anlarından biri oldu. Dövlətimizin başçısının şəhərin mərkəzində Azərbaycan bayrağını ucaltması illərlə həsrətində olduğumuz suverenliyin bərpasının, milli qürurun və dövlət iradəsinin təntənəsi kimi yadda qaldı.

Qısa müddət ərzində Laçında aparılan abadlıq-quruculuq işləri isə bir möcüzə təsirini bağışlayır. Dağıdılmış infrastrukturun yerində müasir yaşayış məhəllələri, yollar, sosial obyektlər inşa edilir, şəhər yenidən həyat qazanır. Zabux kəndi və Sus kənd sakinlərinin doğma yurdlarına dönüşü "Böyük qayıdış" proqramının uğurla icra olunduğunu bir daha təsdiqləyir. Bu görüşlər zamanı Prezident İlham Əliyev Laçın sakinlərinə müraciətində vurğulamışdır: "Biz sizi doğma torpaqlarınıza qaytardıq və bundan sonra burada əbədi yaşayacaqsınız". Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva isə bu qayıdışı belə ifadə etmişdir: "Bu gün sizin sevinciniz bizim hamımızın sevincidir, Laçın yenidən dirçəlir". Bu fikirlər yalnız siyasi bəyanat deyil, həm də dövlətin öz vətəndaşına verdiyi dəyərin, doğma torpaqlara bağlılığın və gələcəyə inamın ifadəsidir.

Azərbaycan əsgərinin qəhrəmanlıq dastanı yazdığı müqəddəs Şuşa təkcə bir şəhər deyil, Azərbaycan xalqının milli ruhunun, mədəni yaddaşının və tarixi qürurunun simvoludur. 2020-ci ilin noyabrında əldə olunan Şuşa Zəfəri Vətən müharibəsinin taleyini həll edən ən mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın mənəvi qələbəsinin də zirvəsinə çevrildi. 

Məhz bu şəhərin azad olunması ilə düşmənin müqavimət iradəsi qırıldı və münaqişənin yekunlaşması qaçılmaz oldu. Bu gün Şuşa yenidən dirçəlir, öz əzəli simasına qovuşur və Qafqazın mədəniyyət paytaxtı kimi əvvəlki şöhrətini bərpa edir. Qısa müddət ərzində burada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, dağıdılmış tarixi abidələr, mədəniyyət ocaqları, məscidlər və yaşayış məhəllələri yenidən inşa olunur. Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Vaqifin məqbərəsi kimi tarixi-mədəni incilər bərpa edilərək xalqımıza qaytarılıb. Şuşada keçirilən "Xarıbülbül" Musiqi Festivalı, "Vaqif Poeziya Günləri" kimi beynəlxalq əhəmiyyətli tədbirlər şəhərin yenidən mədəni həyatın mərkəzinə çevrildiyini sübut edir. Bu prosesdə Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi rol oynayır - tarixi irsin qorunması, dini abidələrin bərpası və mədəni mühitin dirçəldilməsi istiqamətində görülən işlər Şuşanı yenidən Qafqazın incisinə çevirir. Bu gün Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün regionun mədəniyyət və dialoq platformasına çevrilməkdədir. Burada səslənən hər musiqi, keçirilən hər tədbir, bərpa olunan hər abidə bir həqiqəti təsdiqləyir - Şuşa yaşayır, dirçəlir, Azərbaycanın əbədi mədəniyyət paytaxtıdır.

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri isə ölkənin suverenliyini tam şəkildə təmin etdi. Xankəndi, Xocalı və digər ərazilərdə qeyri-qanuni silahlı birləşmələrin ləğvi ilə separatizmə son qoyuldu. Bununla da Qarabağda təhlükəsizlik və sabitlik tam bərqərar edildi.

Bir zamanlar separatizmin, qanunsuz silahlı birləşmələrin və süni şəkildə yaradılmış qarşıdurmanın mərkəzi kimi təqdim edilən Xankəndi bu gün tamamilə yeni bir mərhələyə qədəm qoyur. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu, qanunsuz silahlı dəstələr tərk-silah edildi və illərlə regionda sabitliyə mane olan separatizmə son qoyuldu. Bununla da Xankəndi öz həqiqi kimliyinə - Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bir şəhər statusuna qayıtdı. Bu gün burada artıq qorxu və qarşıdurma deyil, sabitlik, inkişaf və inteqrasiya mühiti formalaşır. Şəhərin sosial və iqtisadi infrastrukturu yenidən qurulur, yeni idarəetmə modeli tətbiq olunur, təhsil və ictimai həyat canlandırılır. Xankəndinin tələbə şəhərciyinə çevrilməsi istiqamətində atılan addımlar isə onun gələcəyinin elm, bilik və gənclik üzərində qurulduğunu göstərir.

Ən mühüm məqamlardan biri isə budur ki, bir zamanlar qapalı və münaqişə ocağı kimi tanınan Xankəndi bu gün sülh və dialoq mərkəzi kimi çıxış edir. Burada keçirilən tədbirlər, görüşlər və təşəbbüslər Azərbaycanın regionda sabitlik və əməkdaşlıq niyyətinin real təcəssümüdür. Bu şəhər artıq dünyaya yeni mesaj verir - qarşıdurmanın yerini əməkdaşlıq, separatizmin yerini dövlətçilik, nifrətin yerini isə birgəyaşayış və inkişaf ideyası alıb. Xankəndinin bu transformasiyası təkcə bir şəhərin taleyinin dəyişməsi deyil, bütövlükdə regionun gələcəyinin yeni istiqamətdə formalaşmasının parlaq nümunəsidir.

Bir zamanlar bəşər tarixinin ən qanlı faciələrindən birinin baş verdiyi, günahsız insanların amansızlıqla qətlə yetirildiyi müqəddəs Xocalı şəhərini dünya ictimaiyyəti Azərbaycan xalqının çəkdiyi ağrı və ədalətsizliyin simvolu kimi tanıyırdı. Bu gün isə Xocalı yalnız faciənin deyil, həm də dirçəlişin, yenidən doğuluşun ünvanına çevrilib. Şəhər sürətlə bərpa olunur, yeni yaşayış məntəqələri salınır, sosial infrastruktur qurulur, insanların yaraları sağalır, həyat öz axarına qayıdır. Keçmişin ağrıları hələ də yaddaşlarda yaşayır, lakin bu gün xocalılılar artıq gələcəyə inamla, doğma torpaqlarında ləyaqətli həyat qurmaq əzmi ilə yaşayırlar. Bu il Xocalı faciəsinin xatirəsini əbədiləşdirən möhtəşəm memorial kompleksin açılışı isə həm tarixi yaddaşın qorunması, həm də ədalətin təntənəsinin rəmzinə çevrildi. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Xocalı haqqında belə demişdir: "Xocalı faciəsi heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bu dəhşətli cinayəti unutmayacaq və unutdurmayacaq". Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən bu mərasim bir daha göstərdi ki, Xocalı artıq yalnız hüznün deyil, həm də qürurun, dirçəlişin və ədalətin bərpa olunduğu müqəddəs bir məkandır.

Ağdam - illərlə "ruhlar şəhəri" kimi yadda qalan, viranəyə çevrilən bu qədim məkan hazırda möhtəşəm dirçəliş mərhələsini yaşayır. Bir vaxtlar yalnız dağıntılar və söküntülərin hökm sürdüyü Ağdam indi yenidən həyatın qayıtdığı, quruculuğun vüsət aldığı bir şəhərə çevrilir. Burada həyata keçirilən genişmiqyaslı layihələr şəhərin gələcək inkişaf konsepsiyasını aydın şəkildə ortaya qoyur - müasir infrastruktur qurulur, yeni yaşayış massivləri salınır, sənaye zonalarının yaradılması ilə Ağdamın yenidən regionun iqtisadi mərkəzlərindən birinə çevrilməsi hədəflənir. Şəhərə ilk qatarın daxil olması isə təkcə nəqliyyat hadisəsi deyil, həm də Ağdamın yenidən ölkənin iqtisadi və sosial həyatına inteqrasiyasının rəmzidir. Perspektiv layihələr sırasında yer alan parkların salınması, müasir tramvay xəttinin yaradılması şəhərin gələcək urbanistik simasını müəyyənləşdirir.

Ağdamda milli-mənəvi irsin bərpası istiqamətində görülən işlər də xüsusi əhəmiyyət daşıyır. Cümə məscidinin bərpası, Pənahəli xanın imarətinin yenidən qurulması tarixi yaddaşın dirçəldilməsi baxımından mühüm addımlardır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müqəddəs kitabımız "Qurani-Kərimi"n Ağdam Cümə məscidinə hədiyyə olunması isə bu torpaqlara yalnız fiziki deyil, həm də mənəvi həyatın qayıtdığını simvolizə edir. Bu gün Ağdam artıq keçmişin faciələrinin deyil, gələcəyin ümidlərinin şəhəridir - burada aparılan quruculuq işləri bir daha sübut edir ki, Azərbaycan dağıdılmış şəhərlərini yalnız bərpa etmir, onları  inkişaf modelinə uyğun yenidən quraraq regionun ən müasir və dinamik mərkəzlərinə çevirir.

Azərbaycan Qarabağı yalnız bərpa etmir, həm də onu gələcəyin "yaşıl enerji zonası"na çevirir. Günəş, külək və su resursları əsasında qurulan enerji layihələri regionun dayanıqlı inkişafını təmin edir və Qarabağı ekoloji baxımdan nümunəvi bölgəyə çevirir.

Bu gün Cəbrayıldan Füzuliyə, Qubadlıdan Ağdama, Şuşadan Xankəndiyə qədər uzanan bu böyük dirçəliş salnaməsi bir həqiqəti bütün dünyaya nümayiş etdirir - Azərbaycan təkcə torpaqlarını azad etmədi, o torpaqlara yeni həyat, yeni nəfəs, yeni gələcək bəxş etdi. Bu şəhərlərin hər biri artıq keçmişin ağrılarından doğan gücün, milli iradənin və dövlət qətiyyətinin canlı təcəssümüdür.

Bu möhtəşəm dönüşün arxasında isə sarsılmaz iradəsi, qətiyyəti və uzaqgörən siyasəti ilə tarix yazan İlham Əliyev dayanır. Qarabağın xilaskarı olan Müzəffər Ali Baş Komandan yalnız torpaqları azad etmədi, həmçinin viran qoyulmuş yurdları yenidən cənnətə, illərlə həsrət çəkən insanları doğma ocaqlarının xoşbəxt sakinlərinə çevirir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda ucalan hər bina, çəkilən hər yol, yanan hər işıq qayıdışın, dirçəlişin, zəfərin davamıdır. Bu, Zəfərdən quruculuğa uzanan  yolun günbəgün, saatbasaat yazılan tarixidir. 

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Chosen
48
47
azerbaijan-news.az

10Sources