"İcmal büdcədə 1 milyard manatdan çox gəlirin iki dəfə tanınması aradan qaldırılıb. Büdcə hesabatları üzrə 1 milyard manatdan, maliyyə hesabatları üzrə isə 2 milyard manatdan çox təhrif düzəldilib".
Azreform.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri əlavə edib ki, 100 milyon manatdan çox tanınmayan gəlirlər dövlət büdcəsinin gəlirlərində nəzərə alınıb. “Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə sənədləşmə təkmilləşmiş, hesabatlılıqda uyğunsuzluqlar aradan qaldırılıb”, - o vurğulayıb.
Palata sədri onu da qeyd edib ki, dövlət vəsaitlərinin bərpası istiqamətində nəzərdə tutulan 101,5 milyon manata qarşı 93,9 milyon manat icra olunub. Debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi üzrə isə planlaşdırılan 48,1 milyon manata qarşı cəmi 8,5 milyon manatlıq icra təmin edilib.
Mürtəza