EN

25 gündə 14 zəlzələ: Xəzərdə nə baş verir?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son vaxtlar Xəzər dənizi ətrafında ard-arda baş verən zəlzələlər insanda qorxu, əsəb və stress yaradır.

Məhz son 25 gündə Xəzər dənizində 3–5,4 bal gücündə 14 zəlzələ qeydə alınıb. Bu qədər qısa müddətdə belə aktivliyin olması isə insanlarda təşvişə yol açır.

Ümumiyyətlə, Xəzər seysmik baxımdan tam sakit zona deyil. Amma belə ardıcıl və hiss olunan təkanların bir-birinin ardınca baş verməsi son illərlə müqayisədə daha çox diqqət çəkir.

Bəs qısa müddət ərzində Xəzər dənizində baş verən zəlzələ sayı müəyyən olunmuş normalar çərçivəsindədir?

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, baş verən zəlzələlər təbii hal hesab edilir:

“Əslində bu müddətdə 14 yox, 500-dən çox yeraltı təkan qeydə alınıb. Bu təkanlar əsas zəlzələdən sonra baş verən afterşoklar hesabına yaranıb. Aprelin 8-də Cənubi Xəzərdə, Lənkərandan 64 km, Astaradan isə 67 km məsafədə qeydə alınan zəlzələdən sonra belə seysmik aktivliyin davam etməsi elmi baxımdan tam gözlənilən prosesdir və hazırda da müşahidə olunur.

Lakin qeyd olunan 14 zəlzələ maqnitudası 3 və ondan yuxarı olan təkanlardır. Ümumilikdə isə xırda təkanların sayı 500-ü keçib. Bu cür statistika göstərir ki, əsas zəlzələdən sonra enerji tədricən boşalır və bu da çoxsaylı zəif təkanlarla müşayiət olunur.

Prosesin bir müddət də davam etməsi ehtimal edilir, lakin narahatlıq üçün ciddi əsas yoxdur. Əsas güc, maqnitudası 5,3 olan zəlzələ ayın 8-də baş verib. Baş verən hadisələr tektonik qırılma zonasında layların müxtəlif dərinliklərində baş verən sürüşmə, çatlama və parçalanma prosesləri ilə bağlıdır. 

Yer qabığında uzun müddət ərzində yığılan gərginlik müəyyən həddə çatdıqda bu cür qırılmalar baş verir və enerji mərhələli şəkildə azad olunur. Bu zaman böyük zəlzələdən sonra daha kiçik amplitudalı afterşoklar müşahidə edilir ki, bu da geoloji baxımdan normal və təbii prosesdir”.

O qeyd edib ki, bu proseslər lokal xarakter daşıyır və əsasən seysmik ocaq daxilində cərəyan edir:

“Ocaqda toplanmış enerji tam boşalana qədər xırda təkanların davam etməsi mümkündür. Bəzi hallarda bu təkanlar günlərlə, hətta həftələrlə davam edə bilər. Lakin onların gücü adətən azalan xətt üzrə inkişaf edir və təhlükə yaratmır.

Bu təkanlar, əsasən, ocağa yaxın ərazilərdə zəif şəkildə hiss oluna bilər. Xəzər dənizinə yaxın zonalarda və sahilboyu ərazilərdə bu təsirin daha çox hiss olunması mümkündür.

Xəzər dənizinin ətraf bölgələrində isə 2-4 bal gücündə zəif zəlzələlərin olması  ehtimal edilir ki, bu da təhlükəli sayılmır və əhali üçün ciddi risk yaratmır. Baş verən zəlzələlər və onların davamı olan afterşoklar seysmik ocaqda gedən təbii geoloji proseslərin nəticəsidir”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

zəlzələ Qurban Yetirmişli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
50
cebheinfo.az

10Sources