EN

Qarabağ mövzusu arxivə getdi: Paşinyandan 2026-cı il üçün şok geri dönüş

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2026-cı il seçki platformasını təqdim edərkən Qarabağ ermənilərinin geri qayıdışı məsələsinə birdəfəlik nöqtə qoyub.

Musavat.com xəbər verir ki, aprelin 20-də "Mülki Müqavilə" partiyasının fövqəladə konfransında çıxış edən Paşinyan, Qarabağ hərəkatının Ermənistan üçün "geosiyasi tələ" olduğunu və bu mövzunun artıq arxivə verildiyini bəyan edib.

Paşinyan çıxışında kəskin ifadələr işlədərək bildirib ki, sülhə nail olmağın yeganə yolu keçmiş iddialardan tamamilə imtina etməkdir:

"Daha kimin harada yaşadığını, kimin nəyinin olduğunu eşələməyəcəyik. Biz bu mövzunu bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik. Bizim öz həqiqətimiz var, amma başqalarının da öz həqiqəti var".

Baş nazir qeyd edib ki, Ermənistanın müxtəlif instansiyalarda öz "həqiqətlərini" danışması artıq dünya tərəfindən rəğbətlə qarşılanmır. Onun sözlərinə görə, ermənilərin Qarabağa qayıdışı gündəmini saxlamaq Ermənistanın müstəqilliyini hədəfə alan "geosiyasi tələ"dir və bu, yalnız yeni müharibələrə, blokadaya və itkilərə yol açır.

Hakim partiyanın 2026-2031-ci illər proqramında Qarabağdan gələn şəxslərin "zorla köçürülmüş" adlandırılması dayandırılıb. Bunun əvəzinə, təxminən 10 min ailənin Ermənistan daxilində tam inteqrasiyası və yerləşdirilməsi hədəf seçilib. Paşinyan vurğulayıb ki, hökumət bu insanların Ermənistanda qalması üçün bütün imkanları səfərbər edəcək.

Paşinyan xalqı 7 iyun 2026-cı ildə keçiriləcək parlament seçkilərində "Mülki Müqavilə"yə səs verməyə çağırıb. O, bu seçkini Azərbaycanla imzalanacaq yekun sülh müqaviləsinə və "TRIPP" (Trampın Sülh Marşrutu) layihəsinə dəstək referendumu kimi qiymətləndirib.

Musavat.com

Chosen
51
50
musavat.com

10Sources