Son anda ləğv edilən səfər İran hakimiyyətinin müxtəlif mərkəzləri arasında nüvə gündəliyi ilə bağlı ziddiyyətləri üzə çıxarıb…
İran rəhbərliyində yaranmış fikir ayrılığı ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan danışıqların baş tutmamasına səbəb olub.
Poliqon xəbər verir ki, bu barədə Iran International portalı məlumat yayıb.
Məlumata görə, səfərin son anda baş tutmamasına prezident Məsud Pezeşkianın müttəfiqləri ilə ali lider Müctəba Xameneinin ofisinə yaxın fiqurlar arasında artan gərginlik səbəb olub. Bildirilir ki, İran nümayəndə heyəti uçuşa hazır olsa da, Xameneinin çevrəsindən nüvə məsələlərinin müzakirədən çıxarılması barədə göstəriş verilib.
Həmçinin qeyd olunur ki, İran Xarici İşlər Nazirliyinin komandası əvvəlki danışıqlarla bağlı töhmət alıb. Bu isə ölkə daxilində ABŞ ilə təmasların formatı və məzmunu ətrafında ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, mövcud məhdudiyyətlər aradan qaldırılmadan bu cür danışıqlarda iştirak faydasızdır. Onun sözlərinə görə, real nəticə əldə olunmadan yalnız formal görüşlərin keçirilməsi Tehran üçün məqbul sayılmır.
Hadisələrin bu şəkildə inkişafı ABŞ nümayəndə heyətinin İslamabada mümkün səfəri ilə bağlı yayılan iddialar və Donald Trampın İran tərəfindən mümkün təklifin verilməsi üçün atəşkəs rejimini uzatdığı barədə xəbərlər fonunda baş verib.
Beləliklə, İran daxilində siyasi qərarvermə mərkəzləri arasında ziddiyyətlər təkcə daxili proseslərə deyil, həm də Tehranla Vaşinqton arasında mümkün diplomatik təmaslara birbaşa təsir göstərməkdə davam edir.
Poliqon.info