EN

“Kür çayında suyun artması və Mingəçevir su anbarından buraxılış tənzimlənir”- Rövşən Abbasov

Son günlər Kür çayında su səviyyəsinin artması və Mingəçevir su anbarından aşağı axına suyun buraxılması ilə bağlı vəziyyət bölgədə diqqət mərkəzindədir. Yağıntıların intensivləşməsi və çay axınında artım fonunda su ehtiyatlarının idarə olunması, eləcə də mümkün daşqın risklərinin qarşısının alınması məsələləri aktuallaşıb. Mütəxəssislər bildirirlər ki, bu proses həm təbii hidroloji dəyişikliklərin nəticəsi, həm də su anbarının tənzimləmə rejimi ilə birbaşa bağlıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov QHT.az-a açıqlamasında bildirib ki, Mingəçevir su anbarı çoxillik tənzimləmə sisteminə malik mühüm hidrotexniki qurğudur və bu sistem ölkənin su ehtiyatlarının idarə olunmasında əsas rol oynayır.

Ekspert: "Bu proses həm kənd təsərrüfatının su təminatını, həm də daşqın risklərinin azaldılmasını hədəfləyir".- deyə, o qeyd edib.

Onun fikrincə, daşqın risklərinin azaldılması üçün sahilyanı ərazilərdə möhkəmləndirmə işləri aparılmalı, əhali vaxtında məlumatlandırılmalı və müdafiə tədbirləri gücləndirilməlidir. Ekspert xüsusilə Neftçala, Salyan, Sabirabad, Zərdab, Ucar və Göyçay kimi rayonlarda sahil bəndlərinin daim nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Hazırkı vəziyyətə toxunan ekspert bildirib ki, “indiki halda suyun aşağı buraxılması onu göstərir ki, Mingəçevir su anbarı artıq dolub və su mütləq şəkildə aşağıya buraxılmalıdır”. Bu isə təbii olaraq Kür çayı boyunca su səviyyəsinin artmasına səbəb olurRövşən Abbasov həmçinin qeyd edib ki, yay aylarının ortalarından sonra Kür çayında suyun azalması gözlənilir və bundan sonra məcranın dərinləşdirilməsi və su ötürücü kanalların bərpası kimi texniki işlərin görülməsi vacibdir. Onun sözlərinə görə, bu addımlar suyun Xəzər dənizinə daha səmərəli axmasını təmin edəcək.

Zəhra Ağayeva

 

Chosen
21
41
qht.az

10Sources