EN

İlham Əliyevin liderliyi ilə sülhün etibarlı təməlləri yaradılır

Gernika şəhəri tarixdə bombardman olunması ilə tanınır. 1937-ci ildə İspaniyada vətəndaş müharibəsi zamanı şəhərin bombalanması böyük dağıntı və itkilərə səbəb olmuşdu. Bu hadisə sonradan Pablo Pikasso tərəfindən çəkilən məşhur "Guernica" əsərində əks olunub. Məhz bu faciəli tarix səbəbilə Gernika bu gün sülhün və yaddaşın simvolu sayılır, müxtəlif beynəlxalq təşəbbüslər üçün mərkəz rolunu oynayır. "Gernika Sülh Mükafatı" hər il müxtəlif ölkələrdən olan sülh fəallarına, təşkilatlara və beynəlxalq təşəbbüslərə verilən nüfuzlu bir mükafatdır.

Prezident İlham Əliyevin sülh yolunda atdığı qətiyyətli addımlara görə daha bir nüfuzlu mükafata - "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görüldüyünü diqqətə çatdıran Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında xatırladıb ki, dövlət başçısı bu mükafatın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində qeyd edib ki, Azərbaycan uzun illər münaqişə şəraitində yaşamış bir ölkə kimi sülhün dəyərini dərindən anlayır. Münaqişə nəticəsində ölkə müharibənin ağır fəsadlarını yaşayıb. "Azərbaycan son 80 ildə tam və mütləq qələbə qazanan yeganə ölkədir. Ölkəmiz beynəlxalq hüquqa zidd olan işğala öz daxili potensialı hesabına son qoydu, dünya hərb tarixində görünməmiş texnika və diplomatik çeviklik sayəsində regionda status-kvonu dəyişdi. Dövlətimizin başçısı tarixi Zəfərdən dərhal sonra müəllifi olduğu sülh gündəliyini irəli sürdü. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı kommunikasiyaların açılmasını ehtiva etsə də, qarşı tərəf sülhdə manipulyasiyalarla vaxtı uzadırdı və konstruktiv addım atmırdı. Ötən il avqustun 8-də Ağ Evdə Prezident Donald Trampın şahidliyi ilə baş tutmuş Azərbaycanla Ermənistan arasında Vaşinqton razılaşması üç onillikdən çox davam edən gərginlikdən sonra regiona sülh, sabitlik və rifah gətirdi. Bu irəliləyiş Cənubi Qafqazda yeni bir dövr açdı. Yekun sülh müqaviləsi imzalanmasa belə bunun üçün əməli addımlar atılır", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, normallaşma irəliləyişləri təkcə dövlətlərarası diplomatiya ilə məhdudlaşmır, ictimai dəstək, açıq ünsiyyət və etimadın qurulması davamlı sülhün əsas komponentləri kimi getdikcə daha çox qəbul olunur. İki ölkə arasında vətəndaş cəmiyyəti mübadilələri həyata keçirilir. Bu mübadilələr dialoqu təşviq edir və siyasi razılaşmaların cəmiyyət daxilində möhkəmlənməsinə kömək edir. Bu addımlar da regionda iqtisadi inteqrasiyaya töhfə verir.

P.Vəliyeva Prezident İlham Əliyevin bundan əvvəl "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldüyünü xatırladaraq deyib ki, bu, Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunmasındakı rolunun beynəlxalq səviyyədə tanınmaqla yanaşı, örnək kimi tarixə düşdüyünü göstərir: "Xatırladım ki, ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaradıb, Azərbaycan Respublikasını təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib.  Bundan öncə, məhdud sayda dövlət və hökumət başçılarının iştirak etdiyi Yaxın Şərq Sülh sammitində Prezident İlham Əliyev məhz ABŞ Prezidentinin şəxsi dəvəti əsasında iştirak edib. Onillliklərlə davam edən münaqişədən sonra regiona sülhü gətirən Azərbaycan artıq beynəlxalq arenada örnək təşkil edir və bu siyasət ən ali mükafatlara layiq görülür. Bu, ölkə rəhbərinin qətiyyətinin, sülh üçün prinsipiallığının, qırılmaz xalq-iqtidar birliyinin, xalqın Prezidentə olan güclü inamının məntiqi nəticəsidir". 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Chosen
21
50
azerbaijan-news.az

10Sources