EN

“Gəlirlərin 20 faizi sənayedən gəlməlidir, lakin tədqiqata marağı hiss etmirik” - ADNSU-nun rektoru

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov “Unikal”a müsahibə verib. 

Müsahibəni təqdim edirik:

- Rüfət müəllim, zəhmət olmasa, öncə ADNSU-nun fəaliyyəti ilə bağlı məlumat verərdiniz. 

Bildiyiniz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ölkəmizin ən qədim universitetlərindən biridir. Artıq 106-cı ildir ki, universitet mövcuddur. Universitetin parlaq tarixi olub. Burada çox sayda əcnəbi tələbə təhsil alıb. ADNSU-nun Azərbaycan iqtisadiyyatına, xüsusilə neft-qaz sektorunun inkişafı üçün yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi rolu olub. Universitetin əsas üstünlüklərindən biri tədris ilə yanaşı böyük elmi potensiala malik olmasıdır. Belə böyük elmi potensial yalnız köklü universitetlərdə formalaşa bilər, çünki hər hansı elmi məktəbin yaranması böyük vaxt tələb edir. Bu mənada, ADNSU-da xüsusilə geoloji kəşfiyyat, yer elmləri, neft-qaz, neft-kimya, kimya mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları sahələrində həm tədris, həm də elmi tədqiqat fəaliyyəti çox geniş inkişaf etməkdədir. Eləcə də, bu siyahıya yeni sahələr qatılmaqdadır. 

Qısaca desək, ADNSU-nun 7 fakültəsi var. 18 mindən artıq tələbə təhsil alır. Olduqca savadlı, elmli və müəyyən qədər prinsipial müəllim-professor heyətinə sahibik. Eyni zamanda, çox yaxşı göstəricilərə malik, yüksək balla universitetə qəbul olunmuş tələbələrimiz var. Universitetin tələbələrinin 87 faizi dövlət sifarişlidir. Bu bir daha onu sübut edir ki, onların içində yüksək ballarla ali məktəbə qəbul olanların sayı çoxdur. Tələbələrin 83 faizi bakalavr, 15 faizi magistratura, təqribən 2-3 faizi isə doktorantura səviyyəsindədir. Onların 93 faizi mühəndislik sahələrində təhsil alır. Bu bir daha onu göstərir ki, ADNSU mühəndislik və tətbiqi elmlərdə bağlı olan bir universitetdir. Ölkəmizin gələcək inkişafı elm, mühəndislik və texnologiyalarla bağlıdır. ADNSU hər il əmək bazarına təxminən 3 000 – 3500 məzun verən ali məktəbdir.

- Universitetin son bir neçə il ərzində strateji planı konkret olaraq hansı nəticələri verib? Hədəfiniz nədən ibarətdir?

- Biz ADNSU-nun 2026 – 2030-cu illər üzrə strateji inkişaf planını hazırlamışıq. Bu inkişaf planı əsasən 6 istiqamət üzrə hazırlanıb. Orada 120-dən artıq indikator mövcuddur. Üç əsas hədəfimiz mövcuddur: elmi tədqiqatın inkişafı, sənaye tələblərinə uyğun tədris və beynəlmiləşmə. Ölkə sənayesinə xidmət edə bilən tədqiqat universitetinə çevrilmək, universitetin beynəlxalq nüfuzunu daha da yaxşılaşdırmaq əsas istiqamətlərdir. Universitet sənayeyə xidmət etməlidir. Sənayeyə uyğun tədqiqatlarla məşğul olmalıdır. Bu üç əsas hədəfimizi dəstəkləyən daha 3 köməkçi hədəflərimiz mövcuddur ki, bunlar səmərəli idarəetmə, ADNSU-nun infrastrukturunun yaxşılaşdırılması, universitetdə və universitetdən kənar müxtəlif ictimai-sosial məsələlərlə bağlı cəmiyyətə xidmətin göstərilməsidir.

Yəni, əsas 6 istiqamət mövcuddur. Birinciyə baxsaq, burada tədrisin məzmununun yenilənməsini həyata keçirmək istəyirik. Hədəf tələbələrə keçdiyimiz dərsləri tamamilə sənayenin tələblərinə uyğunlaşdırmaqdır. Beynəlxalq akkreditasiyadan keçməklə, mövcud müəllimlərin inkişaf etdirilməsi və yeni müəllimlərin cəlb olunması ilə hədəflərimizə nail ola bilərik. Eyni zamanda, bu hədəflərə nail olmaq üçün SABAH qruplarında oxuyan tələbələrin və ikili diplom proqramlarının sayının artırılması nəzərdə tutulub. 
Hər ixtisas üzrə sənaye qrupu yaratmağa çalışırıq. Rəhbər şəxsləri və təcrübəli mütəxəssisləri həmin qruplara cəlb edirik ki, onların fikirləri əsasında tədrisin məzmununu yeniləyə bilək. Artıq bu proses başlayıb. Ötən ildən etibarən SABAH qrupları çərçivəsində universitetə yeni məzmunlu proqramlarla tələbələrin qəbulu həyata keçirilir. İkili diplom proqramlarının sayı artmaqdadır. Bildiyiniz kimi, ADNSU 10 ildən artıq müddətdir ki, Fransanın Strasburq Universiteti ilə əməkdaşlıq edir. Orada bizim 10 ikili diplom proqramlarımız mövcuddur. Eyni zamanda, Böyük Britaniyanın Vorvik Universiteti ilə ikili diplom proqramları var. Vaxtilə ABŞ-nin Corciya və Almaniyanın Zigen universitetlərinin məzmunu əsasında hazırlanmış BA proqramlarımız mövcuddur. Bütün bu saydığım yeni məzmunlu proqramlarda təqribən 3 min tələbə təhsil alır. Biz onların sayını tədricən artırmağa çalışacağıq. Bu, bizim tədrislə bağlı planlarımızdır.

İkinci böyük istiqamət, elmi inkişafla bağlıdır. Elmi tədqiqatlar tamamilə sənayenin sifarişləri əsasında və oradan gələn gəlirlər hesabına yerinə yetirilməlidir. İlkin etapda sənaye ilə universitet arasında müəyyən güvənin yaradılmasına çalışacağıq. Yenə də, beynəlxalq elmi bazalarda elmi tədqiqat nəticələrimizin artırılması əsas hədəflərdən biri olaraq qalır. Məsələn, keçən il ADNSU-nun professor-müəllim heyəti tərəfindən beynəlxalq elmi bazalara daxil olan 685 elmi nəticə, yəni məqalə nəşr olub. Bu, əslində olduqca böyük rəqəmdir. Getdikcə bu rəqəmi 1 000-ə çatdıracağıq. Elmdə beynəlxalq müəlliflik və əməkdaşlıq bizim üçün çox vacibdir. Hazırda beynəlxalq əməkdaşlıqlar davam edir. Bizim nəşrlərin təqribən 35 faizi həmmüəllifliklədir. Yəni, bizim alimlərlə digər ölkə alimlərinin apardıqları tədqiqatların nəticəsidir. Tədqiqatları gücləndirmək üçün professor-müəllim heyətini ruhlandırmalı və dəstəkləməliyik. Bu mənada 2026-cı ildə ADNSU-da elmi tədqiqat nəticələri əsasında differensial əmək haqqı sistemi təkmilləşdirilib. Bu istiqamətdə illik təxminən 3 milyon manat vəsait ayırmışıq. 220 nəfərdən ibarət professor-müəllim heyətimiz differensial əmək haqqı alır. Onların bəziləri nəticədən asılı olaraq maaşının 90 faizini, bəziləri 70 faizini, bəziləri isə 50 faizini alırlar. Bir tərəfdən maliyyə ayrılır ki, müəllimlər elmi tədqiqatla məşğul olsun, digər tərəfdən daxili elmi qrantlar ayırırıq. Bu qrantların ayrılması zamanı professor-müəllim heyəti tərəfindən tədqiqat məqsədli elmi mövzu təklif olunur. Komissiya həmin mövzuları seçir və onlara maliyyə vəsaiti ayırır ki, həmin alimlər tədqiqatla məşğul ola bilsinlər. Vəsaitin ayrılması alimlərə icazə verir ki, tədqiqatla bağlı müəyyən ehtiyacları ödəyə və avadanlıqları əldə edə bilsinlər. Bu il daxili elmi qrantlar istiqamətində 500 min manat vəsait nəzərdə tutulub. Bir qədər əvvəl vurğuladığım 685 elmi məqalənin ərsəyə gəlməsi məhz bu təşviqlərin nəticəsidir. Bu, tamamilə ADNSU-nun professor-müəllim heyəti tərəfindən görülən işlərdir. 

Eyni zamanda, cari ildə laboratoriyaların yenilənməsini nəzərdə tutmuşuq. Fiziki-kimyəvi analizlər üçün mərkəzi elmi-tədqiqat laboratoriyası yaradılacaq. Bu məqsədlə də maliyyə vəsaiti ayırmışıq. Nəticədə alimlərimiz daha səmərəli şəkildə öz işlərini görə biləcəklər. 

Üçüncü böyük hədəfimiz beynəlxalq əməkdaşlıqla bağlıdır. Burada əsas məqsədlərimiz əcnəbi tələbələrin sayının təqribən 15 faizə qədər artırılması, əcnəbi professor-müəllim heyətinin ADNSU-da işinin təmin olunması, tələbələrin müxtəlif mübadilə proqramlarında iştirakıdır. Qeyd etmək lazımdır ki, 2026-ci ilin ilk 3 ayında 100-ə yaxın tələbəmiz 8 ölkədə bir semestrlik mübadilə proqramlarına göndərilib. Son 5-6 il ərzində ilk dəfə idi ki, ADNSU-da mübadilə proqramları həyata keçirilirdi. Daha bir hədəfimiz isə professor-müəllim heyətinin xarici universitetlərdə təcrübə və ixtisasartırma proqramlarında iştirakının təmin olunmasıdır. Hər il üçün 40 müəllimimizi xarici universitetlərdə ixtisasartırmaya cəlb etməyi nəzərdə tuturuq ki, onlar orada gördükləri təcrübələri gəlib burada tətbiq edə bilsinlər. Bu məqsədlə 2026-cı ilin iyun ayında ilk müəllimlər göndəriləcək. 

Dördüncü hədəfimiz isə təbii ki, sənaye ilə bağlıdır. Universitet sənaye ilə yaxınlaşmalıdır. Biz elə bir potensiala sahib ola bilməliyik ki, ADNSU ixtisasartırma təlimləri ilə bağlı sifarişləri qəbul edə bilsin. Eyni zamanda, sənayedən sifariş əsası ilə gələn eksperimental tədqiqatları yerinə yetirməyi hədəfləyirik. Düşüncəmiz ondan ibarətdir ki, ADNSU-nun gəlirlərinin ən azı 20 faizi sənayedən sifarişlərdən gəlməlidir. Yəni, sənaye bizə tədqiqat sifarişi versə, onun ödənişini də etməlidir. Bunun da hazırda öz çətinlikləri var. Düşünürəm ki, bunu tədricən həll edə biləcəyik. Əsas odur ki, sənayenin, ümumiyyətlə, tədqiqatla bağlı bizə  ünvanlayacağı sualı olsun. Müşahidələrimiz onu göstərir ki, ölkə sənayesinin tədqiqatla bağlı hazırkı dövrdə o qədər də çox sualı yoxdur. 

- ADNSU-da tədris hansı dillərdə həyata keçirilir?

- Biz tədrisdə ingilis dilinin istifadəsini artırırıq. Misal olaraq, keçən il təqribən 22 faiz ingilis dilində qəbul aparıldı. Müəyyən qədər rus dilində də tədris həyata keçirilir. Əlbəttə ki, tədris əsasən Azərbaycan dilindədir. İngilis dilli qrupların sayını bu il bir qədər də artırdıq. Biz tədqiqat universiteti olmaq istəyiriksə, ən keyfiyyətli tələbələri cəlb etməliyik. Ümumilikdə, toplam tələbə sayını azaltmağa çalışırıq. Yəni, hər il qəbulu azaldırıq. Qəbul nə qədər çox olsa, bir o qədər orta qəbul balımız düşəcək. Məlum məsələdir ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün yüksək motivasiyalı tələbələrə ehtiyac var. Biz qəbulu keçən il təqribən 12 faiz azaltdıq. Bu il də eyni şəkildə bakalavr səviyyəsində qəbul sayını 10 faiz azaltmağı düşünürük. Bir sözlə, qarşıdakı dönəmlərdə biz universitetə qəbul sayını daha da azaldacağıq ki, daha yaxşı keyfiyyəti əldə edə bilək. 

- Sizin fikrinizcə, ADNSU regionda rəqabətə davamlıdır, yoxsa hələ görüləcək işlər var?

- Rəqabətə davamlı dedikdə, baxır, biz bunu nə ilə, hansı meyarlarla ölçürük. Bəzən ümumi sözlərlə bu məsələləri qiymətləndirməyə çalışırlar. Məsələyə peşəkar yanaşsaq, rəqəmlər öz sözünü deməlidir. Rəqəmlər bizə göstərməlidir ki, ADNSU nədə və hansı yönlərinə görə yaxşıdır? 

Məsələn, biz kompüter elmlərində qlobal səviyyədə rəqabətliyik. Bu o deməkdir ki, kompüter elmlərində ilk 500 universitet arasındayıq. Yəni, bunu biz demirik. Bunu beynəlxalq reytinqlər deyir. Biz desək, subyektiv fikir ortaya çıxar. Mövcud ölçmə alətləri var, onlardan biri beynəlxalq reytinqlərdir. Eyni zamanda, ölkədə məşğulluq göstəriciləri mövcuddur. ADNSU Elm və Təhsil Nazirliyinin nəzdində olan universitetlər arasında məzunlarının məşğulluq göstəricilərinə görə birinci yerdədir. Bu göstərici 96 faiz təşkil edir. Tələbələrimiz məzun olduqdan 3 ay ərzində iş tapa bilirlər. Tələbələrin iş tapması istiqamətində sənaye müəssisələri ilə əməkdaşlıqlarımız var, Karyera Mərkəzi də mövcuddur. Tələbələr üçün müxtəlif imkanlar tapmağa çalışırıq. Qeyd etmək lazımdır ki, tələbələrimizin özləri də çox aktivdir. Fərqi yoxdur ki, onlar necə iş tapırlar. Əsas odur ki, bizim məzunlara ehtiyac var. Bu da bir göstəricidir. Vurğulamaq yerinə düşər ki, ADNSU neft-qaz mühəndisliyində dünya reytinqi üzrə ilk 100-150 universitet arasındadır. Əlavə olaraq, tələbələr üçün yaradılmış bir çox imkanlar da mövcuddur. Bir qədər əvvəl 100-ə yaxın tələbəmizin dünyanın 8 ölkəsində beynəxalq mübadilə proqramlarına göndərildiyini qeyd etdim.

Bundan başqa, bir neçə doktorantımız öz elmi araşdırmalarını apara bilmələri üçün Fransaya və İngiltərəyə göndəriliblər. Eyni zamanda, əcnəbi tələbə sayı da artır. Hazırda ADNSU-da təhsil alan əcnəbi tələbələrin sayı 1 000-ə yaxındır. Universitetimizdə 58 müxtəlif ölkədən olan əcnəbi tələbə var. Bu da çox yaxşı göstərici hesab olunur. Xüsusilə, geologiya və neft-qaz sahələri üzrə ən çox əcnəbi tələbələr bizdədir. Həm, öz tələbələrimizi kənara göndəririk, həm də universitetə gələn əcnəbi tələbə sayı çoxdur. Elmi tədqiqat nəticələrimizi regionla müqayisə etsək, bu göstərici də yaxşıdır. Buna baxmayaraq, yenə də bu sahədə də inkişafa ehtiyac var. Ən çox elm sahəsində inkişaf etməliyik. Əlbəttə ki, görüləcək işlər çoxdur. Mən inanıram ki, 2030-cu ilə qədər qarşıya qoyduğumuz hədəflərə çata bilsək, regional səviyyədə çox yaxşı rəqabət apara bilən universitetə çevriləcəyik.

- Universitetin büdcəsinin hansı hissəsini birbaşa təhsilin keyfiyyətinin artırılmasına xərcləyirsiniz?

- Universitetin büdcəsi hazırda əsasən Elm və Təhsil Nazirliyindən, yəni dövlətdən gəlir. ADNSU-da tələbələrin 87 faizi dövlət sifarişi əsasında, 13 faizi isə özləri ödənişli edərək təhsil alırlar. Bizdə təhsilin keyfiyyətinin təminatı ilə bağlı ayrıca bir şöbə yaradılıb. Tədrisin və elmin keyfiyyətinin artırılması üçün bizim müxtəlif təşviq proqramlarımız var. Bunlardan biri differensial əmək haqqı sistemidir. Yəni, yaxşı işləyən, nəticəsi olan daha çox maaş alır. Onları digərlərindən fərqləndirməyə çalışırıq. Hesab edirəm ki, bu, birbaşa keyfiyyətin artırılmasına xidmət edir. Əlavə olaraq, keyfiyyət təminatı şöbəsi tərəfindən müxtəlif fakültələr və funksional şöbələr üzrə fəaliyyət planları hazırlanıb və müzakirə olunub. Bizim buna çox vaxtımız gedib. Həmin o illik fəaliyyət planları ADNSU-nun strateji inkişaf planı ilə əlaqələndirilib. Artıq hamı dəqiqliklə bilir ki, 5 il ərzində biz nələri etmək istəyirik. Hədəflər və həmin hədəflərə uyğun maliyyələşmə var. Plan və maliyyə mövcud olanda, keyfiyyəti də təmin etmək mümkün olur. 

- Maliyyə hesabatlarınızı ictimaiyyətə açıq etməyi planlaşdırırsınız?

- Düşünürəm ki, maliyyə hesabatlarını ictimaiyyətə açıq etməkdə heç bir problem yoxdur. Biz publik hüquqi şəxsik. Maliyyə mənbəyimiz əsasən hələ ki, dövlət sifarişləridir. Hesab edirəm ki, növbəti illərdə bizim 3 əsas istiqamətdən maliyyə imkanlarımız yaranacaq. Bunlar elmi tədqiqatlardan və sənayedən gələn gəlirlər ola bilər. Üçüncüsü isə institusional gəlirlərimiz olacaq, hansı ki, hazırda əsas maliyyə imkanımızı məhz o təşkil edir. Biz maliyyə hesabatlarımızı davamlı olaraq kommunikasiya edirik. Qeyd etdiyim rəqəmlər birbaşa bizim maliyyə hesabatlarından əldə olunmuş rəqəmlərdir. Bunlar konfidensial deyil, hamı üçün açıqdır. 

- ADNSU-nun nəzdində Süni İntellekt İnstitutu yaratmısınız. Bu institutun universitetdə tədris keyfiyyətinə hansı təsirləri ola bilər?

- Bilirsiniz ki, bir müddət əvvəl cənab Prezidentin də süni intellektin tətbiqi ilə bağlı müşavirəsi keçirildi. Orada da müvafiq tapşırıqlar verildi. Artıq həm dövlət qurumlarında, həm də özəl sektorda süni intellektin tətbiqi ilə bağlı müəyyən təşəbbüsləri görməkdəyik. Bizim burada məqsədimiz daha çox süni intellektin tətbiqi zamanı ortaya çıxan ümumi tədqiqat sualları ilə bağlı istər dövlət orqanlarına, istər özəl şirkətlərə dəstək verməkdir. Biz institut olaraq işin daha çox elmi-tədqiqat hissəsindəyik. Məsələn, hansısa böyük bir qurum öz işlərində süni intellekti tətbiq etmək istəyir. O, hansı süni intellekt alətlərindən istifadə etməlidir? Təşkilat buna hazırdırmı? Təşkilatın buna hazır olması üçün hansı təlimlər keçirilməlidir? Həmin alətlər təşkilatın strukturuna necə inteqrasiya olunmalıdır? Bunlar hamısı sualdır. Bu kimi sualların həll edilməsi mümkün olacaq. Böyük dil modelləri əsasında, yəni lokal səviyyədə müxtəlif həll yolları təklif ediləcək. Həmçinin, robototexnika sahəsində süni intellektin tətbiqi ilə bağlı qlobal elmi araşdırmaların aparılması nəzərdə tutulur. Burada ümumilikdə 4 əsas istiqamətimiz var. Artıq strukturumuz mövcuddur. Bütün lazımi avadanlıqlar və kompüterlər sifariş olunub. Tədqiqatçıların sayı və planın nədən ibarət olduğu bilinir. Süni İntellekt İnstitutu əsasən elmi tədqiqatlara və sənaye əlaqələrinə xidmət edəcək. Əlbəttə ki, bizim doktorantlarımız, təcrübə qazanan müəllimlərimiz onları tələbələrlə bölüşəcəklər. 

- Tələbələrin yataqxana ilə təminatı məsələsi ilə bağlı vəziyyət nə yerdədir?

- Hazırda yataqxana fəaliyyət göstərmir. Yataqxana tamamilə yararsız haldadır, çünki uzun müddətdir orada təmir işləri aparılmayıb. Təmir aparılmadan, yataqxana müəyyən standartlara cavab verəcək şəraitə gətirilmədən tələbələrin orada qalması təhlükəsizlik baxımından doğru olmaz. Hazırda yataqxananın təmiri işlərinə hazırlaşırıq. Layihələndirmə ərəfəsindəyik.

- Semestr imtahanları necə təşkil edilir? Qiymətləndirmə hansı meyarlar əsasında aparılır?

- Semestr imtahanları bizdə əsasən yazılıdır. Bəziləri isə yazılı-şifahidir. Suallar adi qaydada müəllimlər tərəfindən tərtib olunur. Tələbələr hazırlaşır və imtahan verirlər. İmtahanlara çox ciddi nəzarət edilir. Bütün otaqlar kameralarla təchiz olunub. İmtahandan sonra da apellyasiya prosesi tamamilə şəffaf şəkildə təşkil olunur. 

- Siz ADNSU-nun rektoru vəzifəsinə təyin olunandan sonra müəyyən narazılıqlar yarandı. Sosial şəbəkələrdə və mətbuatda dərc olunan məqalələrdə kafedra müdirlərinin, dekanların və digər kadrların sıxışdırıldığı iddia olunurdu. Həmin şəxslərin yerinə sizin öz kadrlarınızı təyin etmək istədiyiniz qeyd edilir. Bu iddialara münasibətiniz necədir?

- İnsanların müxtəlif fikirləri ola bilər. Onlar öz narazılıqlarını səsləndirməkdə sərbəstdirlər. Lakin, biz çox istərdik ki, insanlar məsələlərə emosional yox, rasional yanaşsınlar. Yəni, hansısa bir iddia varsa, bunun əsası olmalıdır. Əgər deyillirsə ki, kafedra müdirləri sıxışdırılır, bunun bir əsası olmalıdır ki, onlar neçə nəfərdirlər və necə sıxışdırılırlar? Bu məsələ dekanlara da aiddir. Vurğulayım ki, heç bir dekan vəzifəsindən azad edilməyib. Hər biri öz işindədir. Bu, nəinki qərəzli iddiadır, eyni zamanda açıq yalandır. Təəssüflər olsun ki, mediada olan bəzi həmkarlarımız yalan danışmaq istəyirlər. Bu, peşəkar deyil. Əgər dekanlar işləyirlərsə, bunu necə demək olar? Əlbəttə ki, biz həmin media orqanları ilə bağlı şikayətlərimizi Medianın İnkişafı Agentliyinə yönləndiririk. Ümid edirik ki, həmin media qurumlarına münasibətdə müəyyən tədbirlər görsünlər. Ümumiyyətlə, hesab edirəm ki, bizim təhsilimiz haqqında, yəni təkcə universitetlərimiz yox, eyni zamanda, məktəblərimiz haqqında da mediamız ehtiyatlı danışmalıdır. Təhsil bizim gələcəyimizlə bağlıdır. Hansısa direktoru və ya təhsil işçisini ləkələmək doğru deyil. Bunu heç bir sahədə etmək olmaz. İnsanları əsassız günahlandırmaq yanlışdır.

Təəssüf ki, bizim mediamız xəbərləri hansısa formada oxunaqlı və maraqlı etmək üçün onu “şok” formatında verir. Biz bunu peşəkar hesab etmirik. Yaxşı hal isə ondan ibarətdir ki, statistikaya əsasən, universitetdə baş verən proseslərlə bağlı mediada çıxan xəbərlərin təqribən 97 faizi bizim xeyrimizədir. Biz öz işimizi davam etdiririk. İslahatlar bundan sonra da davam edəcək. Mən 1 ildən bir qədər çox müddətdir ki, ADNSU-nun rektoru vəzifəsində çalışıram. Bu müddət ərzində təqribən 30-a yaxın ADNSU-nun öz gənc əməkdaşı universitetdə vəzifədə irəli çəkilib. Prorektor təyin olunan iki nəfər ADNSU-nun məzunudur. Ümumiyyətlə, insanlar işə qəbul zamanı yalnız öz bilik və bacarıqlarına görə seçilirlər. Keçən il 345 müəllimin işə qəbul vakansiyasını açıq şəkildə elan etdik. Kim istəyirsə, gəlsin, komissiyadan keçsin. Birinci növbədə, müəllim öz ixtisasını və tədris edəcəyi fənni çox yaxşı bilməlidir. İkincisi, müəllim tələbələri və qrupu idarə edə bilməlidir. Yaxşı müəllimin yaxşı elmi tədqiqat nəticələri olmalıdır. Müəyyən qədər sənaye haqqında təəssüratları olmalıdır. Bu, bizim üçün əsas məsələdir. Konkret qiymətləndirmə şkalası var idi. Müəllimlər ona uyğun qiymətləndirilirdi.

Qeyd etmək istəyirəm ki, işə qəbul prosesi tamamilə şəffaf qaydada həyata keçirilib. Bu il də proses eyni formada həyata keçirilir. Vakansiyalar elan etmişik. Hazırda vakansiyalar üzrə müraciətlər davam edir. Kifayət qədər böyük maraq var. İstənilən vakansiya açıq formada elan olunur. Bunu müxtəlif sosial şəbəkə səhifələrimizdə görə bilərsiniz. Universitetdə yalnız bilik və bacarıqları uyğun gələn insanlar işləməlidir. Bu, bizim strateji hədəflərimizdən biridir. Yaxşı kadrlar olmadan yaxşı işlər görmək mümkün deyil. Ona görə, burada bizim marağımız ancaq ən yaxşı kadrları götürməkdir. Daha çox universitetin içərisindən, potensialı olan şəxslərdən seçim edirik və onları irəli çəkirik. Biri var ki, biz bunu deyirik, biri də var bunu biz edirik. Rəqəmlər var ki, son dövrlərdə biz 200-dən artıq müəllimi işə cəlb etmişik. Sənayedən gələn müəllimlər xüsusilə magistratura səviyyəsində işə cəlb olunublar. Bunların hamısının rəqəmləri və faktları var. Rəqəm olan yerdə nə qədər qərəzli məlumatlar yaysalar da, bunlara cavab vermək çətin deyil. Əlbəttə ki, belə qərəzli məlumatlar heç kimə faydalı deyil. 

- Qarşıdakı dövrdə yeni ixtisasların yaradılması ilə bağlı planınız varmı?

Qarşıdakı dövrdə yeni ixtisaslarla bağlı müəyyən təkliflər mövcuddur. Biz bu təklifləri formalaşdırıb təqdim etmişik. Çox güman ki, bəzi yeni ixtisaslar yaradılacaq. Lakin, bunlar hələ ki, təsdiq olunmayıb. Hədəf olaraq, qarşıdakı dönəmdə yeni ixtisaslar ola bilər. 

- Tələbələr ADNSU-da ən çox hansı yenilikləri görmək istəyirlər?

- Tələbələrlə tez-tez görüşlər təşkil edirik. Bir neçə gün əvvəl də “açıq mikrofon” həyata keçirdik ki, kimin sualı və ya təklifi varsa, gəlib səsləndirsin. Bəzi məsələləri səmimi etiraf etməliyik. Deməli, tələbələrin istəkləri müxtəlifdir. Onların şikayətləri və müxtəlif müsbət xəbərləri də olur. Şikayətlər müxtəlif məsələləri əhatə edir. Tələbələrin ən çox şikayətləri təqaüdlərin gecikməsi ilə bağlı olur. Təqaüd hətta 1 gün gecikəndə belə tələbələr şikayət etməyə başlayır. Mən onları başa düşürəm. Ona görə, biz çalışacağıq ki, təqaüdlər gecikməsin. Onsuz da, biz bu təqaüdü veririk. Bir gün əvvəl və ya bir gün sonra verməyimiz bizim üçün elə də fərq yaratmır. Hər bir halda həmin təqaüdləri ödəyirik. Təqaüdlərin gecikməsi də müxtəlif obyektiv səbəblərdən baş verə bilir. Bu maliyyə məsələsidir, hesabatlar olmalıdır, onlar bir neçə quruma təqdim edilməlidir. Bu proses müəyyən qədər vaxtımızı alır. Biz özümüz də istəmərik ki, təqaüd geciksin.

İkinci tip şikayətlər adətən universitetdə hər hansı bir məsələdə dəyişiklik edəndə ortaya çıxır. Müsbətə doğru dəyişiklik etsək də, tələbələr şikayətlənə bilirlər. Çünki, bu, onların komfortunu pozur. Misal üçün, tələbələrin bütün qaibləri qeyd olunan elektron sistemimiz var idi. Biz onu daha da yaxşılaşdırmaq üçün yeni elektron sistem qurduq. Köhnə sistemdə bəzi çatışmazlıqlar aşkarlamışdıq. Bütün müəllim və tələbələri yeni sistemə keçirməyə başladıq. Əlbəttə ki, yeni sistemin öz tələbləri var. İnsanlar hər hansı bir yeniliyə ilkin mərhələdə öyrəşə bilmədikləri üçün onu qəbul etmirlər. Dəyişiklik dövründə müxtəlif problemlər ortaya çıxır və bəzi narazılıqlar yaranır. Bu, tamamilə normal bir haldır. Çalışırıq ki, həmin prosesi maksimum tez keçək. Bəzən tələbələr dərs prosesindən də narazı olurlar. Hər müəllimin özünün dərsə yanaşması var. Elə müəllim var, deyir ki, mən dediyim mühazirəni əvvəldən axıra qədər yazmaq lazımdır. Sonra da gəlib yoxlayır ki, kim yazıb, kim yazmayıb. Elə müəllim də var, mühazirəni deyir, kim istəyir yazsın, kim istəyir yazmasın. Onsuz da nəticədə imtahan olacaq. Bəzi hallarda tələbələr bildirirlər ki, biz bunu onsuz da başqa yerlərdən oxuya biliriksə, niyə yazmalıyıq? Hazırda o qədər internet resursları var ki, əslində, mühazirə yazmağa ehtiyac yoxdur. Bəzi müəllimlər bunu edirlər. Yəni, bu məsələ müəllimin özünə bağlıdır. Bəzi hallarda isə tələbələr müəllimin prinsipiallığından və tələbkarlığından narazı qalırlar. Düşünürəm ki, bu məsələ hər yerdə var. Ola bilsin, tələbkarlıq ADNSU-da daha çoxdur. Müəllimlərimiz görkəmli alimlərdir. İstəyirlər ki, tələbələr çox yaxşı təhsil alsınlar və ən yaxşılar sırasında olsunlar. Məncə, yaxşı tələbə müəllimin tələblərini düzgün imkan kimi qiymətləndirməlidir. Öz dərsini daha yaxşı oxumalıdır. Eyni zamanda müəllimlərə nisbətən daha tələbəyönümlü olmağı, dərslərin bir qədər yeni dövrə uyğunlaşdırılması ilə bağlı tövsiyələr veririk, təlimlər keçirik. Fikrimcə, bu məsələlər də tədricən ortadan qalxacaq. 

- Universitetdə kitabxana ilə bağlı vəziyyət necədir?

- Universitetdə təmir olunmuş kitabxana mövcuddur. Kitabxana tamamilə elektronlaşdırılıb. Orada nömrə götürülür, kitab seçilir, gətirilir və tələbə oxuyur. Hər cür şərait var. Eyni zamanda, kitabxanadan müxtəlif beynəlxalq bazalara da çıxış təmin olunub. Onun üçün biz böyük vəsait ödəyirik ki, beynəlxalq bazalardan tələbələrimiz və müəllimlərimiz istifadə edə bilsinlər. Əlbəttə ki, bizim planlarımız var. Yay aylarında təmir işləri həyata keçiriləcək. Tələbələr üçün yeni oxu zalı yaradılacaq, layihələrin birgə həyata keçirilməsi üçün müxtəlif açıq sahələr təşkil olunacaq. Ümumiyyətlə, böyük bir tələbə mərkəzinin yaradılması ilə bağlı planlar nəzərdə tutulur. Yerimiz mövcuddur, planlar əsasən təmirlə bağlıdır. Təmir işləri həyata keçirildikdən sonra böyük və görkəmli tələbə mərkəzi mövcud olacaq. Orada tələbələr birgə müzakirələr edə, tədbirləri keçirə biləcəklər. 

Söhbətləşdi: Hüseyn İsgəndərov

Chosen
13
17
unikal.az

10Sources