EN

Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət edilməsinə qərar verildi

Kür çayında su səviyyəsinin artması və Mingəçevir su anbarı-ndan aşağı axına suyun buraxılması əsasən idarəolunan prosesdir, amma bununla bağlı bir sıra real risklər də mövcuddur.

Mövzu ilə bağlı “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin sədri Fərman Nəbiyev QHT.az-a açıqlama verib.

F.Nəbiyevin sözlərinə görə, apreldə yağıntıların normadan artıq olması Mingəçevir su anbarında su səviyyəsinin təhlükəli həddə yaxınlaşmasına səbəb olub: "Aprel ayında yağıntıların normadan bir neçə dəfə çox olması, xüsusən Kür çayına axıdılan suyun artan həcmi Mingəçevir su hövzəsində səviyyənin qalxmasına gətirib çıxarıb. Aprelin 21-də aldığımız məlumata görə, anbarda suyun səviyyəsi 80 metr 10 santimetrə yüksəlib. Anbarın maksimal su tutumu isə 83 metrə qədərdir. Mütəxəssislərin dediyinə görə, bu, təhlükəli hədd sayılır".

Fərman Nəbiyev bildirib ki, yaxın aylarda Kür çayına daxil olan su həcminin daha da artacağı proqnozlaşdırılır: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyun aylarında daha artıq su həcminin daxil olacağı gözlənilir. Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su həcmləri də artıb".

Sədr vurğulayıb ki, vəziyyətin ağırlaşmaması üçün su anbarından çayın aşağı axınına əlavə su buraxılması həyata keçirilib: "Vəziyyətin krikik hala çevrilməməsi üçün aidiyyatı qurumlar aprelin 13-dən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kbm, aprelin 17-dən isə 700 kbm suyun buraxılmasına qərar veriblər. Nəticədə bir sıra rayonların ərazilərində çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bəzi yaşayış evlərinin həyətyanı sahələri və örüş torpaqları su altında qalıb".

F.Nəbiyev qeyd edib ki, su anbarının idarə olunması gücləndirilərək qabaqlayıcı tədbirlər görülür: "Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarət və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinin mütəxəssisləri yerlərə ezam olunaraq, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirirlər".

Fərman Nəbiyev əlavə edib ki, görülən tədbirlər nəticəsində suyun səviyyəsində azalma müşahidə olunur və vəziyyət sabitləşir: "Nəticədə aprelin 24-dən çayda suyun səviyyəsi tədricən azalıb. Ayrı-ayrı rayonların ərazilərində 30-105 sm arasında enmə müşahidə edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilib. Subasma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir".

Fatimə Nəbiyeva

Chosen
4
15
qht.az

10Sources