Qəzza zolağında ölənlərin sayı 72 min 594-ə çatıb
İsrail ordusunun Qəzza ərazisinə 2023-cü ilin oktyabrından bu yana həyata keçirdiyi hücumlar nəticəsində həlak olanların sayı 72 min 594-ə yüksəlib. 1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumata görə, atəşkəs rejiminə baxmayaraq, hücumlar davam edir. Son 24 saat ərzində bölgədəki xəstəxanalara 1 nəfərin meyiti və 5 yaralı gətirilib. Bildirilib ki, 2025-ci il 10 oktyabr tarixində qüvvəyə minmiş atəşkəsdən sonra İsrailin hücumları nəticəsində 818 nəfər həyatını itirib, 2 min 301 nəfər yaralanıb. Həmçinin dağıntılar altından 762 nəfərin meyiti çıxarılıb. Ümumilikdə, 2023-cü ilin oktyabrından indiyədək həyata keçirilən hücumlar nəticəsində yaralananların sayı 172 min 404 nəfərə çatıb. Qeyd olunur ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın cəsədinin qaldığı ehtimal edilir.