EN

Novator-memar: Memarlığın əsas uğuru gözəllik, funksionallıq, milli ruh və insan rahatlığının vəhdətindədir

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizdə bu sahəyə verilən strateji önəmin bariz göstəricisidir. Bu qərar yalnız tikinti və layihələndirmə sahəsinə diqqətin artırılması deyil, eyni zamanda, milli memarlıq irsinin qorunması, müasir urbanizasiya proseslərinin düzgün istiqamətləndirilməsi və Azərbaycanın beynəlxalq müstəvidə daha güclü təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu novator-memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, şəhərsalma sadəcə bina tikintisi ilə məhdudlaşmır. Şəhərsalma insanın yaşayış keyfiyyətini, şəhərin estetik simasını, tarixi yaddaşını, nəqliyyat rahatlığını, ekoloji dayanıqlığını və sosial mühitini formalaşdıran kompleks sistemdir. Memarlıq isə bir xalqın mədəni kimliyini və gələcəyə baxışını ifadə edən dildir. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində sistemli dövlət yanaşması formalaşıb. Həmin dövrdə Bakı və regionlarda aparılan quruculuq işləri, sosial-mədəni obyektlərin yaradılması, şəhərlərin planlı inkişafı və milli memarlıq ənənələrinin qorunması bu sahənin əsas inkişaf xəttini müəyyənləşdirdi. Bu məktəbin mahiyyəti ondan ibarət idi ki, şəhər yalnız yaşayış məkanı deyil, həm də milli kimliyin, mədəniyyətin və dövlətçilik düşüncəsinin daşıyıcısıdır.

Muxtar Ərturan bildirib ki, bu gün həmin yanaşma yeni mərhələdə davam etdirilir və Azərbaycan şəhərsalması artıq yalnız tikinti həcmi ilə deyil, müasir şəhər mühiti yaratmaq bacarığı ilə qiymətləndirilməlidir. “Bakı, regionlar, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri göstərir ki, ölkəmizdə urbanizasiya prosesi daha müasir, texnoloji və insan yönümlü istiqamətdə inkişaf edir. Xüsusilə azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini Azərbaycan memarlığı üçün yeni inkişaf platforması kimi qiymətləndirib. Burada məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrini bərpa etmək deyil, müasir, təhlükəsiz, ekoloji və milli ruh daşıyan şəhər və kənd mühiti yaratmaqdır. “Ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları bu prosesin mühüm tərkib hissəsidir”, – deyə memar vurğulayıb.

Onun fikrincə, Azərbaycanın gələcək şəhərsalma modeli üç əsas prinsip üzərində qurulmalıdır: insan mərkəzli şəhər, milli kimliyi qoruyan memarlıq və texnologiyaya açıq dayanıqlı urbanizasiya. Şəhər insana xidmət etməli, onun rahatlığını, təhlükəsizliyini və sosial həyatını yaxşılaşdırmalıdır. Milli memarlıq ənənələri yalnız fasadda ornamentlərlə məhdudlaşmamalıdır. Milli memarlıq daha dərin anlayışdır. Burada məkan həlli, iqlimə uyğunluq, material seçimi, həyət mədəniyyəti, Günəş-kölgə balansı və insan ölçüsü nəzərə alınmalıdır. Biz keçmişi, sadəcə təkrarlamamalı, onun ruhunu müasir texnologiya və yeni memarlıq düşüncəsi ilə ifadə etməliyik.

Azərbaycanın memarlıq nümunələrinin qlobal miqyasda tanıdılması üçün yeni yanaşmaların vacibliyini vurğulayan ekspert əlavə edib: “Layihələr beynəlxalq platformalarda yalnız vizual görüntü kimi deyil, konseptual yanaşma kimi təqdim olunmalıdır. Tarixi memarlıq irsimiz rəqəmsal formatda, virtual turlarda, 3D arxivlərdə və beynəlxalq dillərdə peşəkar kontentlə dünyaya çatdırılmalıdır. Eyni zamanda, gənc memarların beynəlxalq əməkdaşlıq imkanları genişləndirilməlidir. Bu gün memar yalnız layihə hazırlayan mütəxəssis deyil, eyni zamanda, yaradıcı düşünən, texniki əsaslandırma aparan, tarixi irsə hörmət edən və gələcək nəsillərin yaşayacağı mühiti əvvəlcədən görə bilən peşəkardır. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan üçün bu sahədə yeni baxış və məsuliyyət mərhələsinin başlanğıcıdır. Şəhərlərimiz yalnız estetik baxımdan cəlbedici deyil, həm də funksional, rahat və milli kimliyimizi müasir dünya ilə uzlaşdıran məkanlar olmalıdır. Memarlığın əsas uğuru da məhz gözəllik, funksionallıq, milli ruh və insan rahatlığının vəhdətindədir”.

Müxbir - Səbinə Əlizadə

Chosen
57
50
azertag.az

10Sources