AZ

"Şəhərsalma və memarlıq sahəsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir" - Rektor (FOTOLAR)

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsində “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tədbirlər planına uyğun olaraq “Azərbaycan şəhərlərinin memarlıq siması: tarixi ənənələr və müasir çağırışlar” mövzusunda elmi konfrans təşkil olunub.

"Unikal" xəbər verir ki, konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov bildirib ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasında şəhər mühitinin formalaşdırılmasına, memarlıq irsinin qorunmasına və müasir urbanizasiya proseslərinin elmi əsaslarla tənzimlənməsinə verilən yüksək önəmin bariz göstəricisidir. Onun sözlərinə görə, bu təşəbbüs şəhərsalma və memarlıq sahəsinin sosial-iqtisadi inkişafın, mədəniyyətin və milli kimliyin mühüm tərkib hissəsi kimi dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləyir.

Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu şəhərsalma və memarlıq strategiyasının bu gün Prezident cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıb. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin parlaq nümunəsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Ermənistanın otuz il ərzində viran qoyduğu ərazilərdə 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra innovativ yanaşmalar əsasında aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın şəhərsalma və memarlıq sahəsinə sistemli və strateji baxışını açıq şəkildə nümayiş etdirir.

Konfransda Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin tarixi”, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Vüsal Alıyev “Qədim Gəncə ərazisində mədəni irsin izləri”, AMEA Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov “Nizami Gəncəvi məqbərəsi Gəncə memarlığının şah əsəri kimi”, ADAU-nun İctimai fənlər kafedrasının dosentləri Samirə Qasımova “Azərbaycan memarlığında multikulturalizm ənənələrinin tarixi təzahürü” və Zümrüd Qəhrəmanova “Heydər Əliyev irsi: şəhərsalma və memarlıqda milli identiklik” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlarda Azərbaycanın şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin tarixi, ölkənin İpək yolu üzərində yerləşməsi ilə bağlı formalaşmış ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi rolu, Şərq ölkələri ilə qurulan sıx iqtisadi, siyasi və mədəni əlaqələr geniş şəkildə təhlil olunub. Bununla yanaşı, tarixən təşəkkül tapmış şəhərsalma sistemlərinin qorunması istiqamətində görülən işlər, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən mühüm qərarlar, həyata keçirilən tədbirlər, memarlıq abidələrinin bərpası üzrə aparılan planlı fəaliyyət diqqətə çatdırılıb.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tarixi-memarlıq abidələrinin qorunması və bərpası istiqamətində görülən işlərdən bəhs olunub, milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılması sahəsində mühüm nailiyyətlərin əldə edildiyi vurğulanıb.

Seçilən
19
50
unikal.az

10Mənbələr