Moskvanın Tversk Məhkəməsi cinayətkar aləmdə yüksək vəzifəyə yüksəlməklə bağlı işlə əlaqədar kriminal avtoritet Merab Canqveladzenin (Merab Suxumski) qiyabi həbsinə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
"Moskvanın Tversk Rayon Məhkəməsi Canqveladzenin Rusiya Federasiyasına ekstradisiya və ya deportasiya halında Rusiya hüquq-mühafizə orqanlarına təhvil verildiyi andan və ya Rusiya Federasiyasında faktiki olaraq saxlanıldığı andan iki ay müddətinə həbsdə saxlanılması barədə qərar verib", - məlumatda deyilir.
Qeyd edək ki, kriminal avtoritetə qarşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə cinayət işi açılıb və Canqveladze axtarışa verilib. Bu ittiham 15 ilə qədər həbs cəzası nəzərdə tutur.
2025-ci ilin yayında Daxili İşlər Nazirliyi Canqveladzenin 40 il ərzində cinayətkar dairələrdə "avtoritet"ə malik olduğunu və 1985-ci ildən bəri Rusiya da daxil olmaqla, müvafiq qeyri-rəsmi statusa və müəyyən təsir dairəsinə malik olduğunu bildirdi. O, dəfələrlə məhkəməyə verilib və hazırda xaricdə gizlənir.
Merab Suxumski MDB-də ən "avtoritet" cinayətkar fiqurlardan biri hesab olunur. Məlumata görə, onun qardaşı Levan Canqveladze 2025-ci ilin martında Tbilisi şəhərində küçədə güllələnərək öldürülüb. İnsident Çavçavadze prospektində baş verib. Bundan əlavə, Canqveladze qardaşları bir zamanlar azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamları olub. Lakin sonradan onlar arasında münasibət pozulub.