EN

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir

Fəaliyyəti zamanın çərçivəsini aşan və gələcək nəsillər üçün strateji əhəmiyyətə malik olan şəxsiyyətlərin yeri və rolu tarixdə xüsusi əhəmiyyət kəsb edir. Yaradıcı və qurucu şəxsiyyətlər təkcə siyasi lider kimi çıxış etmirlər, dövlətin institusional əsaslarını yaradan, eyni zamanda, iqtisadi prosesləri istiqamətləndirən və xalqın milli-mədəni inkişaf vektorunu müəyyənləşdirən ictimai inkişafın memarı olurlar. Müasir dövrün əsas prioriteti kimi qəbul edilən qlobal urbanizasiya şəraitində məkan və infrastruktur modellərini müəyyənləşdirən belə liderlərin əhəmiyyəti daha da artır.

APA xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.

Qeyd olunub ki, XX əsrin ikinci yarısı – XXl əsrin əvvəlində Azərbaycanın idarəçilik sükanını əlinə alan və onu inamla, uzaqgörənliklə gələcəyə doğru aparan belə bir şəxsiyyət xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur: “Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş və müasir idarəçiliyin əsaslarını yaratmış görkəmli dövlət xadimidir. Onun fəaliyyəti uzaqgörən liderlik, güclü idarəçilik və milli maraqlara əsaslanan strateji düşüncə ilə səciyyələnmişdir. Ulu Öndər bütün siyasi fəaliyyəti boyunca Azərbaycanın sosial-iqtisadi inkişafını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini və milli ideologiyanın formalaşmasını əsas prioritet kimi müəyyən etmiş, bununla da ölkənin gələcək inkişaf modelinin konseptual əsaslarını yaratmışdır”.

S.Nuriyev bildirib ki, Ulu Öndərin fəaliyyəti mərkəzində müstəqil, güclü, dayanıqlı və müasir dövlətin formalaşması amalı dayanan ardıcıl və məqsədyönlü quruculuğun bariz nümunəsidir: “Onun müəyyən etdiyi dayanıqlı inkişaf xətti konkret zaman çərçivəsi ilə kifayətlənməmişdir. Ümummilli Lider xalqın dövlətçilik təfəkkürünü və mənəvi dəyərlərini inkişaf etdirən, zənginləşdirən və istiqamətləndirən, eyni zamanda, gələcək onilliklərin çağırışlarını qabaqcadan görən, onu sanki bir memarlıq layihəsi kimi qiymətləndirən və bu layihənin reallığa çevrilməsi üçün dayanmadan çalışan dahi rəhbər və güclü ideoloq olmuşdur”.

Chosen
3
14
apa.az

10Sources